Xocavənddə traktor tank əleyhinə minaya düşüb, sürücü yaralanıb
İllüstrativ foto: Füzulidə minatəmizləmə, Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia CommonsXocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də traktor tank əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, traktoru idarə edən 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb.
Yaralının vəziyyəti barədə əlavə məlumat verilməyib. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Qarabağ və ətraf rayonlarda minalar həm minatəmizləyənlər, həm də kənd təsərrüfatı işləri görən və ya bərpa layihələrində çalışan mülki şəxslər üçün təhlükə olaraq qalır. ANAMA sakinləri təmizlənməmiş və xəbərdarlıq nişanı qoyulmuş ərazilərə daxil olmamağa çağırır.


