Əliyev Xəzər sahilindəki torpaqların idarəsini Əmlak Məsələləri Dövlət Xidmətinə verib
Hövsanda Xəzər sahili, illüstrativ foto. Foto: Interfase, Public domain, Wikimedia CommonsPrezident İlham Əliyev bazar ertəsi Xəzər dənizinin Azərbaycana aid bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana görə, sahil zolağında torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid siyasət İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunur. Bu məqsədlə Xidmətin işçilərinin sayı 40 ştat vahidi artırılıb.
Fərman bütün sahilə şamil olunmur. Adalar, yaşayış məntəqələri və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi üçün istifadə olunan torpaqlar, həmçinin qanunla xüsusi statusu olan digər ərazilər istisnadır.
Nazirlər Kabineti altı ay ərzində sahilboyu ərazini xüsusi statuslu ərazi kimi müəyyənləşdirmək, onu zonalara bölmək və hüquqi rejimini təyin etmək barədə təkliflər hazırlamalıdır. Hökumət həmçinin torpaqların qanunsuz zəbtinin qarşısını almaq, bunun üçün inzibati və cinayət məsuliyyətini gücləndirmək məqsədilə qanun layihələri təqdim etməli, dənizin quru ilə təmas xəttinin vəziyyətini və sahil zolağının sərhədlərini Prezidentlə razılaşdırıb təsdiqləməlidir.
İqtisadiyyat Nazirliyinə sahil zolağının rəqəmsal xəritələrini saxlayan informasiya sistemi yaratmaq tapşırılıb. Sahildə torpaqların istifadəyə və icarəyə verilməsi Xidmət tərəfindən “bir pəncərə” prinsipi ilə, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aparılacaq.
Fərmanda sahildə müşahidə sistemlərinin qurulması, yerlərdə monitorinq, söküntü, abadlıq və sanitar təmizlik işləri üçün vəsait ayrılması da nəzərdə tutulur. Bu xərclər üzrə təklifləri Maliyyə Nazirliyinə Xidmət təqdim edəcək, maliyyə isə dövlət büdcəsindən veriləcək. Fərmanda hansı tikililərin sökülə biləcəyi göstərilmir.


