Bolqarıstan sahilləri yaxınlığında batan yük gəmisinin 4 azərbaycanlı heyət üzvü xilas edilib
İllüstrativ foto: Bolqarıstanın Qara dəniz sahili. Evgeni Dinev, CC BY 2.0, Wikimedia CommonsQara dənizdə Bolqarıstanın iqtisadi zonasında batan “Betul 8” yük gəmisinin heyətindəki 12 nəfərin hamısı xilas edilib. Onlardan 4-ü Azərbaycan, 8-i Türkiyə vətəndaşıdır.
Bolqarıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, Somali bayrağı altında üzən gəmi Rumıniyadan Misirə buğda aparırdı və noyabrın 16-da kömək siqnalı göndərib. Hadisə yerinə Bolqarıstan iki gəmi göndərib, Rumıniya və Türkiyə də axtarışa qoşulub.
İlkin məlumata görə, gəminin batmasına partlayış səbəb ola bilər. Son həftələrdə Qara dənizin qərbində gəmilərə hücumlar olub: noyabrın 14-də axşam və 15-nə keçən gecə Rumıniyanın Sulina limanı yaxınlığında gəmilər, o cümlədən heyətinin 13 üzvü azərbaycanlı olan “Palmali” şirkətinin tankeri dronlarla vurulmuşdu. “Betul 8”in batması ilə bu hücumlar arasında əlaqə olduğu bildirilməyib.


