Hakim partiyanın deputatı rus bölməsində təhsilin dövlət hesabına olmasına etiraz edib

Arxiv foto. Foto: Babaoglu2015, CC BY-SA 4.0, Wikimedia Commons
16-11-2026 15:43

Milli Məclisin bazar ertəsi keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfi müzakirə olunarkən Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlu rus dilində təhsilin dövlət büdcəsindən maliyyələşdirilməsini sual altına qoyub.

“Azərbaycanda ingilis və ya Çin dilində dövlət hesabına təhsil alan şagirdlər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir?”, - deyə Babaoğlu soruşub. Onun sözlərinə görə, ali təhsil müəssisələrində də vəziyyət belədir.

Deputat bildirib ki, milli kimlik və milli ideologiya təhsildə formalaşır. Onun verdiyi rəqəmlərə görə, ölkədə Azərbaycan bölməsində 1 milyon 570 min, rus bölməsində isə 157 min şagird oxuyur. Babaoğlunun dediyi illik 2 min manatlıq xərclə hesablasaq, rus bölməsindəki şagirdlərin təhsili büdcəyə ildə təxminən 314 milyon manata başa gəlir.

Hakim partiyanın “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olan Babaoğlu eyni iclasda mediaya ayrılan vəsaitin azlığından da şikayət edib. O deyib ki, gələn il üçün mediaya 68 milyon 369 min manat ayrılır və bu məbləğ ötən illə müqayisədə xeyli azalıb.

Rus bölməsində təhsil Azərbaycanda Sovet dövründən qalıb və onun gələcəyi müntəzəm müzakirə mövzusudur. Bakı ilə Moskva arasında münasibətlər 2025-ci ilin yayında Yekaterinburqda iki azərbaycanlının ölümü ilə nəticələnən polis əməliyyatından sonra gərginləşmişdi. Deputatın təklifinə Təhsil Nazirliyi hələlik münasibət bildirməyib.

Digər xəbərlər