Keçmiş tələbələr BDU-da fəlsəfə müəllimini tələbə qızları cinsi istismar etməkdə ittiham edir
Bakı Dövlət Universitetinin binası. Aykhan Zayedzadeh, Wikimedia CommonsBakı Dövlət Universitetinin (BDU) keçmiş tələbələri Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nərman Salman oğlu Süleymanovu qadın tələbələrlə etibar qurub onları intim münasibətə yönləndirməkdə ittiham edir. “Arqument.az”ın danışdığı tələbələr redaksiyaya yazılı müraciət və üzü maskalı bir qadının videosunu göndəriblər. Onlar adlarını açıqlamır.
Videoda və mail ekranlarında müəllimin adı “Nərman Qocatürk” kimi keçir. Bu, onun elektron poçtundakı addır: BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin saytında Süleymanov üçün göstərilən ünvan ekranlardakı göndərənin ünvanı ilə eynidir. Universitetin 2020-ci il kafedra hesabatında o, dosent kimi göstərilir.

Müraciətdə nə deyilir
Müraciətin müəllifi Süleymanov haqqında söhbətləri ilk kursdan eşitdiyini, sonra isə öz təcrübəsindən və başqa tələbələrin danışdıqlarından öyrəndiyini yazır. Onun sözlərinə görə, oxşar təcrübə yaşadığını bildirən ən azı altı nəfər var, onlardan üçünü şəxsən tanıyır.
Müəllif müxtəlif tələbələrin danışdıqlarında eyni ardıcıllığın təkrarlandığını iddia edir. Müraciətə görə, müəllim əvvəlcə qayğıkeş müəllim kimi tələbənin problemləri ilə maraqlanır və dostluq təklif edir. Sonra öz həyatından, həmkarlarının paxıllığından və haqqında yayılan “iftiralardan” danışaraq rəğbət qazanmağa çalışır. Növbəti mərhələdə tələbəni mənzilə dəvət edir, əvvəlcə münasibətdə yalnız mənəvi bağlılıq istədiyini deyir, sonra isə intim yaxınlığı münasibətin “təbii davamı” kimi təqdim edir.
Müraciətdə ayrıca imtahan məsələsi qaldırılır. Müəllif başqa tələbələrin də dediyinə istinadən iddia edir ki, Süleymanov imtahandan dərhal sonra yaxın olduğu tələbəyə düşən beş sualı öyrənir və həmin biletə 50 bal yazırmış. Müəllif bunu akademik qiymətləndirmənin obyektivliyinin pozulması adlandırır və həmin tələbələrin imtahan nəticələrinin yoxlanmasını tələb edir.
Videoda danışan qadın nə deyir
“Arqument.az”a göndərilən yeddi dəqiqəlik videoda danışan qadın özünü BDU-nun keçmiş məzunu və Süleymanovun “qurbanlarından biri” kimi təqdim edir. O, polisə və məhkəməyə niyə müraciət etmədiklərini də izah edir: onun sözlərinə görə, məhkəmə prosesi uzun və bahalıdır, ailə üzvləri də bundan xəbər tuta bilər.
Qadının iddiasına görə, müəllim əsasən birinci və ikinci kurs tələbələrinə yaxınlaşır, çox vaxt atası olmayan, ailə travması olan və ya kasıb ailədən olan qızları seçir. O, öz qruplarında dörd tələbəyə belə yaxınlaşıldığını deyir.
Danışan qadın müəllimin tələbələri “ofis” adlandırdığı mənzilə dəvət etdiyini və mənzilin planını təsvir edir. “Nəyə görə tələbələr həmin evin təsvirini verməyi bacarmalıdır?”, - deyə soruşur.
Qadın iddia edir ki, yazışmalar əsasən “WhatsApp”da gedib, müəllim isə tələbələrdən intim fotoları mail ünvanına göndərməyi istəyib. Tələbələrin “Arqument.az”a göndərdiyi iki mail ekranında göndərən kimi “Nerman Gocaturk” adı görünür. Mailin mətni intim xarakterli olduğu üçün biz onu tam dərc etmirik, açıq-saçıq hissələr bulanıqlaşdırılıb. Tələbələrin kimliyini qorumaq üçün yazışmanın tarixi də gizlədilib.


Danışan qadın “WhatsApp” yazışmalarını tələbələrin kimliyi açılacağı üçün ictimaiyyətə göstərmədiklərini, lazım olsa universitet rəhbərliyinə təqdim edəcəklərini deyir.
O, universitetə deyil, əvvəlcə mediaya müraciət etmələrinin səbəbini belə izah edir: “Biz əmin deyilik ki, universitet rəhbərliyi bizim məxfiliyimizi qoruyacaq”. Onun sözlərinə görə, müəllim haqqında bir neçə il əvvəl də qəzetdə yazılar çıxıb, amma o, universitetdə işləməyə davam edir: “Bu qədər haldan sonra belə, bu adam hələ də işdən çıxarılmayıb”.
Tələblər
Müraciətin müəllifi BDU rəhbərliyindən iddiaların universitetdən kənar müstəqil mütəxəssislərin iştirakı ilə araşdırılmasını, məlumat verən tələbələrin kimliyinin və məlumatlarının məxfi saxlanmasını, imtahan güzəştləri iddiasının ayrıca yoxlanmasını və nəticələrin tələbələrin adları açıqlanmadan ictimaiyyətə təqdim olunmasını tələb edir. Müraciətdə müəllimin də öz mövqeyini bildirmək hüququnun təmin edilməsi istənilir.
Müəllif rəhbərliyə suallar da ünvanlayır: universitet bu iddialardan əvvəllər xəbərdar olubmu, olubsa, hansı tədbirlər görülüb və tələbələr müəllimin səlahiyyətindən sui-istifadə barədə kimə təhlükəsiz şəkildə müraciət edə bilər?
Tərəflərin mövqeyi
BDU və Nərman Süleymanov “Arqument.az”ın sorğusuna hələlik cavab verməyib.
Yazıdakı bütün ittihamlar müraciət müəllifinin və videoda danışan qadının iddialarıdır.


