Şəkidə maaş mənimsəməsinə görə şərti cəza alan keçmiş bağça müdiri: “Mənimsəmə edənlər işəgötürənlərdir”

İllüstrativ foto: Şəki şəhəri. Sefer azeri, CC0, Wikimedia Commons
16-11-2026 17:26

Şəki Ağır Cinayətlər Məhkəməsi şəhərdəki 22 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ruziyə Mahmudovanı mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilib. Noyabrın 5-də elan olunan hökmlə ona 5 il şərti cəza verilib. Mahmudova ittihamı qəbul etmir və onu susdurmaq istədiklərini deyir.

Azadlıq Radiosu yazır ki, ittihama görə, bağçanın işçi siyahısında adı olan, amma işə gəlməyən şəxslərin maaş kartlarına köçürülən pul nağd şəkildə müdirə çatıb. Mahmudova bağçaya 2008-2023-cü illərdə rəhbərlik edib, yeyintinin 2012-ci ildən başladığı bildirilir. Faktlar Maliyyə Nazirliyinin yoxlamasında üzə çıxıb, nazirliyin nümayəndəsi məhkəmədə ziyanın ödənilməsini tələb edib.

65 yaşlı keçmiş müdir məhkəmədə işə adam götürmək səlahiyyəti olmadığını deyib: “Bağça müdiri kimdir ki, mənimsəmə etsin?! Mənimsəmə edənlər elə işəgötürənlərdir. Məni susdurmaq üçün bu yollara əl atıblar”. Onun sözlərinə görə, təkcə Şəki və Zaqatala rayonlarında 205 uşaq bağçası var və hamısı eyni qaydada, “rəhbərliyin əli ilə” işləyir. Mahmudova “rəhbərlik” deyəndə kimləri nəzərdə tutduğunu və onu kimin susdurmaq istədiyini açıqlamayıb.

Mahmudova deyib ki, əvvəl əmək müfəttişliyi onu işəgötürən kimi pozuntuya yol verməkdə günahlandırıb və 2 min manat cərimələyib, sonra isə məhkəmə onun işəgötürən olmadığını qərara alıb. O, evinə bağçadan ət və ərzaq apardığı barədə iddiaları da rədd edib. Məhkəmə hökm çıxararkən onun yaşını və ziyanı ödəməsini yüngülləşdirici hal sayıb.

2021-ci ildə uşaq bağçaları yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılıb Elm və Təhsil Nazirliyinə verilib. Bölgələrdə bağçalar regional təhsil idarələrinə tabedir: Şəkidəki 22 saylı bağça da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindədir.

Digər xəbərlər