Son dəqiqə:

Bizim Azərbaycan...

11-02-2016 02:17 / Bu xəbər 223 dəfə oxundu
Nərmin 

Ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallström Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Komitəsinin sədri Əli Həsənovla görüşüb. Əli Həsənov bu görüşdə "biz azərbaycanlıyıqsa, Əli Həsənov haralıdır?" sualını ciddi-ciddi düşünməyimizə səbəb olacaq açıqlamalar verib. 

Onun dediyinə görə, Azərbaycan ermənilər ilə düşmən deyilmiş. Buradan Əli Həsənova səslənərək deyirəm ki, sizin bir komitə sədri olaraq, 9 milyonluq Azərbaycan xalqı adından danışmağa haqqınız yoxdur. 

Necə yəni ermənilər bizim düşmənimiz deyil? Bəs Xocalı soyqırımını, 1 milyon insanı yurdundan didərgin salan kimlərdir?

Əgər Azərbaycan ermənilərlə düşmən deyilsə və belə bir iddianız yoxdursa, bəs yaxşı, o zaman nəyə əsaslanaraq Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Komitəsinin rəhbərisiniz? 

Hansı qaçqınların? 

Hansı məcburi köçkünlərin? 

Afrikadan, Tanzaniyadan və s. bu kimi ölkərdənmi gəlib bu qaçqınlar? 

Ermənilərlə düşmən deyiliksə, bəs öz doğmalarının qəbirlərini ziyarət etmək üçün sərhədi keçən həmvətənlərimiz niyə əsirlikdədirlər?? Əgər düşmən deyiliksə, niyə cəbhə bölgəsində atəşkəs pozulur və nə qədər Vətən övladları şəhid olur və ya olub? 

Yəni bütün bunlar boşuna idi? 

Bu mövzu ilə əlaqəli çox sayda sual ünvanlamaq olar. Amma nə fayda? Sadəcə, bir məqamı unutmayın ki, ermənilərlə döyüşərək həlak olan, ön cəbhədə düşmən gülləsi ilə üzbəüz dayanaraq şəhid olan Vətən oğullarının ruhları sizi heç zaman bağışlamayacaq.

Baş nazirin müavini həm də ölkədə qaçqınlar da daxil olmaqla savadlılıq səviyəsinin 100 faiz oldugunu bildirib. Mən də sual vermək istəyirəm ki, əyər onun haqqında danışdığı ölkə Azərbaycandırsa, bəs bizim yaşadığımız yer haradır? Haradırsa yəqin ki, Azərbaycan deyil. Çünki onların haqqında danışdığı Azərbaycanla bizim yaşadığımız yerin sadəcə coğrafi adları eynidir. 

Hər halda düşünürəm ki, onların öz "Azərbaycanları” var və hər yerdə o Azərbaycan haqqında danışırlar. Hansı ki günü-gündən "çiçəklənir, inkişaf edir, iqtisadi inkişafına görə dünyada lider ölkələr sırasındadır, iqtisadi gücü sarsılmazdır" və sair bu kimi fantastik inkişafa sahibdir. Bəs bizim yaşadığımız Azərbaycanın problemlərini hara yazaq? Hansı ki sizin Azərbaycandan fərqli olaraq, bizim Azərbaycanın erməni adlı düşməni var...

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir.

Bölmələr:


    Digər xəbərlər