Son dəqiqə:

Beynəlxalq Enerji Agentliyi: Azərbaycanın bu qış TAP ilə Avropaya qaz ixracı artmayacaq

Arxiv foto: TAP kəmərinin Albaniyada tikintisi. Foto: Albinfo, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 11:16

Beynəlxalq Enerji Agentliyi "Qlobal qaz təhlükəsizliyi icmalı - 2026" hesabatında yazır ki, istilik mövsümündə Azərbaycanın Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropa İttifaqına qaz ixracı demək olar ki, dəyişməyəcək. Bu ilin yanvar-sentyabr aylarında ixrac da ötən ilin səviyyəsinə yaxın olub.

Agentlik Avropaya boru ilə qaz idxalının bu qış cüzi azalacağını gözləyir. Norveçdən tədarük "Ormen Lange" yatağında hasilatın 2027-ci ilin yanvarının sonunadək dayanması səbəbindən 1 faiz (1 milyard kubmetr) azalacaq, Şimali Afrikadan isə 4 faiz (0,5 milyard kubmetr) artacaq.

Hesabata görə, Rusiyanın Aİ-yə boru qazı da əvvəlki mövsüm səviyyəsində qalacaq, çünki tam qadağa yalnız 2027-ci ilin dördüncü rübündə qüvvəyə minir.

Agentlik bu il dünyada qaz tələbatının təxminən 1,5 faiz və ya 65 milyard kubmetrə yaxın azalacağını proqnozlaşdırır. Yaxın Şərqdə istehlak təxminən 10 faiz düşəcək, bu, region tarixində ən böyük illik azalma olacaq.

TAP Azərbaycanın "Şahdəniz" qazını Yunanıstan və Albaniyadan keçirərək İtaliyaya çatdırır. Kəmərin uzunluğu 877 kilometr, ilkin gücü ildə 10 milyard kubmetrdir, bu gücün 20 milyard kubmetrə qaldırılması mümkündür.

Digər xəbərlər