Son dəqiqə:Müsəddiqdən əvvəlki və sonrakı İran - 03-11-2026

Zelenski: Rusiya ABŞ-də seçki günü Ukraynaya 289 dron və 76 raketlə zərbə endirib, Xarkovda xəstəxanada 73 nəfər yaralanıb

Arxiv foto: Xarkovda Rusiyanın zərbəsindən sonra poliklinika, 10 oktyabr 2026. Foto: National Police of Ukraine, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 12:47

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya gecə ölkənin kritik infrastrukturuna 289 dron, 59 qanadlı və 17 ballistik raketlə zərbə endirib, bu, qəfil elektrik kəsintilərinə səbəb olub. Onun sözlərinə görə, Xarkovda şəhər xəstəxanasına dəyən zərbə nəticəsində 73 nəfər yaralanıb.

Zelenski Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsində ölənlərin sayının da 29-a çatdığını bildirib. Orada xilasetmə işləri dünəndən davam edir.

"Bütün bunların ABŞ-də Konqres seçkiləri günü baş verməsi çox şey deyir. Ruslar elə bilir ki, Amerika onların bu siqnalını görməyəcək", - Zelenski deyib. O, Ukraynanın səmasının müdafiəsinə kömək edilməsini istəyib.

Rusiya Müdafiə Nazirliyi isə gecə zərbələri zamanı Xarkov vilayətində 86 meqavatlıq istilik elektrik stansiyasını, "Zmiyevskaya" və "Losevo" yarımstansiyalarını vurduğunu bildirib.

Zelenski həmçinin gözlənilmədən Berlinə səfər edir, Almaniya kansleri Fridrix Merslə görüşəcək. Bu görüş Rusiya ilə Ukrayna arasında ABŞ vasitəçiliyi ilə noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək danışıqlar ərəfəsinə düşür. Kreml oktyabrın 26-da danışıqların hərbi əməliyyatların dayandırılması üçün əsas vermədiyini demişdi.

Digər xəbərlər