Deputat: Qarabağ və Şərqi Zəngəzurda 41 min keçmiş məcburi köçkün məskunlaşıb, bərpaya büdcədən 26 milyard manat ayrılıb
Arxiv foto: Ağdam, 2024. Foto: The Official Website of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia CommonsDeputat Vüqar Bayramov Milli Məclisin noyabrın 3-dəki iclasında deyib ki, Azərbaycanın Ermənistanla 2020-ci il müharibəsindən və sonrakı hadisələrdən sonra nəzarətə götürdüyü ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Onun sözlərinə görə, bunlardan 41 213-ü daimi məskunlaşmış keçmiş məcburi köçkündür.
Bayramov bu ərazilərin bərpasına təkcə dövlət büdcəsindən 26 milyard manat ayrıldığını bildirib. Deputatın verdiyi rəqəmlərə görə, ümumi uzunluğu 3720,5 kilometr olan 64 avtomobil yolu tikilir, 1338 kilometrlik 17 yol tam başa çatıb, 3 beynəlxalq hava limanı istifadəyə verilib.
O, Birinci Dövlət Proqramının bu il bitdiyini, növbəti proqramın 2027-2030-cu illəri əhatə edəcəyini, gələn il kütləvi məskunlaşma olacağını da deyib.
Bayramov Qarabağ iqtisadi rayonunda məhsul buraxılışının 2020-ci ildəki 1,548 milyard manatdan 6 milyard manata, Şərqi Zəngəzurda isə 134 milyon manatdan 4 milyard manata çatdığını bildirib.


