Həbsdəki jurnalist Fərid İsmayılov hökumətyönlü media işçilərinə hücumlardan yazıb: "Cəmiyyət hakimiyyət mirzələrini qələm əhli hesab etmir"
Arxiv foto: Fərid İsmayılov, 2021. Foto: Ulviyya Guliyeva, Public domain, Wikimedia Commons"Toplum TV işi" üzrə 12 il həbs cəzası alan jurnalist Fərid İsmayılov son günlər hökumətə yaxın media əməkdaşlarına edilən hücumlar və Media və Yayım Şurasının bəyanatı barədə yazı yazıb. Yazını Toplum TV dərc edib.
İsmayılov yazır ki, bu hücumlardan sonra Daxili İşlər Nazirliyi cinayət işi başlayıb, Şura isə bəyanat yayıb. Onun iddiasına görə, nazirlik özü son 3 ildə azı 20 jurnalisti "oğurlayıb" həbs edib və onlara zorakılıq göstərib, Şura isə buna susub.
Jurnalist 2005-ci ildə öldürülən Elmar Hüseynovun qatillərinin hələ də cəzalandırılmadığını, Şuranın bu işin nəticəsini tələb etmədiyini də xatırladıb.
"Cəmiyyət bu gün onun səsi olmayan hakimiyyət mirzələrini söz, qələm əhli hesab etmir. Buna görə də bu cür zorakı reaksiyalar ortaya çıxır", - İsmayılov yazıb.
Şura hücumları cəmiyyətin məlumat almaq hüququna təhdid kimi qiymətləndirib. İsmayılov isə yazısını Şuraya sualla bitirib: "Həbsxanalarda girov saxlanılan azad söz keşikçiləri haqda nə zaman səsiniz çıxacaq?"


