Həbsdəki jurnalist Nərgiz Absalamova: Lənkəranda azadlığa çıxan məhbuslara qanunun vəd etdiyi dəstək verilmir
Arxiv foto: Nərgiz Absalamova, 2022. Foto: Voice of America, Public domain, Wikimedia Commons“Abzas Media işi” üzrə 8 il həbs cəzası çəkən jurnalist Nərgiz Absalamova Lənkəran Penitensiar Kompleksindən yazdığı yeni yazıda azadlığa çıxan məhbusların cəmiyyətə qayıtmaq üçün dövlətdən heç bir köməklik görmədiyini deyir. Yazı “Abzas Media”da dərc olunub.
Absalamova 1 il 2 ay həbsdə qalan 54 yaşlı Nüşabə adlı qadının hekayəsini danışır. Nüşabə azadlığa çıxmağına bir neçə gün qalmış kirayə ev və iş tapa bilməyib, əvvəl onu evlərinə çağıran tanışları da son anda imtina ediblər. “Deyirlər, çöldə qiymətlər bahalaşıb. Nə edim, az yeyəcəm”, - Nüşabə deyib. O, məhkumluğuna görə işə götürülməyəcəyindən və insanların ona pis baxacağından qorxduğunu da bildirib.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna görə, məhkumla adaptasiya proqramı cəza müddətinin bitməsinə 6 ay qalmış başlamalıdır. Onun bacarıqları qiymətləndirilməli, peşə təlimi keçirilməli, qalacaq yeri yoxdursa, müvəqqəti yaşayış yeri ilə təmin olunmalıdır. İmkanı olmayan şəxsə azad olunduğu gün nəqliyyat və ilkin yaşayış xərci, mövsümi geyim və ehtiyac varsa, dərman verilməlidir.
Absalamova yazır ki, Lənkəranda saxlandığı bir il ərzində azadlığa çıxan 4 qadından heç biri ilə bu barədə görüşən olmayıb, məhbusların belə bir qanundan xəbəri yoxdur, müəssisədə onlarla işləyən psixoloq da yoxdur. Onun yazdığına görə, Nüşabə həbsdə qulluq etdiyi güllərin toxumlarını özü ilə aparmaq istəyəndə kompleksin rəis müavini Əli Abdalov kinayə ilə “Buradan bir stəkan su da verin, onu da aparsın”, - deyib.
“Abzas Media” bildirir ki, azad edilənlərin neçəsinin Sosial Adaptasiya Mərkəzinə yerləşdirildiyini, işlə təmin olunduğunu və bu proqrama büdcədən nə qədər vəsait ayrıldığını Sosial Xidmətlər Agentliyindən və Dövlət Məşğulluq Agentliyindən soruşub, lakin cavab almayıb. Açıq büdcə sənədlərində də proqrama ayrılan illik vəsait göstərilmir.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il iyunun 20-də “Abzas Media işi” üzrə Nərgiz Absalamovanı 8 il həbs cəzasına məhkum edib, Bakı Apellyasiya Məhkəməsi hökmü sentyabrda qüvvədə saxlayıb. İşin məhkumları qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamlarını qəbul etmir, həbslərini jurnalist fəaliyyətləri ilə bağlayırlar.


