Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzub
İllüstrativ foto: IPPA photographer, CC BY 4.0, Wikimedia CommonsAzərbaycan çempionu olan qadın voleybol klubu "Turan" çərşənbə axşamı CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın "Maritsa" komandasını səfərdə 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə məğlub edib. Oyun Plovdiv şəhərində keçirilib.
"Turan" əvvəlki, II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubunu hər iki oyunda, 3:0 və 3:2 hesabları ilə üstələmişdi.
Kişi voleybolçulardan ibarət "Xilasedici" isə eyni gün Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Portuqaliyanın "Sportinq" klubuna 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15) hesabı ilə uduzub. Cəlil Cəlilovun baş məşqçi olduğu komanda ilk və dördüncü setləri iki xal fərqlə itirib, həlledici beşinci setdə isə rəqibə 10:15 məğlub olub.
Komandaların cavab görüşü noyabrın 11-də keçiriləcək.


