Azərbaycan karateçiləri Sofiyada şotokan üzrə Avropa çempionatında 7 qızıl medal qazanıb
İllüstrativ foto: Martin Rulsch, CC BY-SA 4.0, Wikimedia CommonsBolqarıstanın paytaxtı Sofiyada oktyabrın 31-dən noyabrın 1-dək keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Çempionatında Azərbaycan idmançıları 7 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.
Azərbaycan Karate Federasiyasının məlumatına görə, parakarate yarışında Aysel Əhmədli bütün rəqiblərini üstələyərək qızıl medal alıb. Deflimpiyaçılar arasında Hikmət Ağayev, 75 kiloqram çəkidə Elmin Hüseynli və kata üzrə Aytən Qədirova birinci olub.
Böyüklər arasında "Şobu Nihon" kateqoriyasında 75 kiloqramdan yuxarı çəkidə Elçin Şiriyev, 16-17 yaşlılar arasında 68 kiloqramda Əbülfəz Rəfiyev qızıl medal qazanıb. Kişilərdən ibarət yığma komanda isə final görüşündə Türkiyə idmançılarını məğlub edərək çempion olub.
Gümüş medalları 16-17 yaşlılar arasında 61 kiloqramda Yusif Əzimzadə, böyüklər arasında 60 kiloqramda Nizaməddin Əzimzadə, 75 kiloqramda Ələkbər Əlizadə, 75 kiloqramdan yuxarı çəkidə Ramin Mazanov və kata üzrə Nihad Məmmədzadə qazanıb. 67 kiloqram çəkidə Elnur Qasımzadə və Fəqan Yasimov bürünc medal alıb.
Eyni yarışın yeniyetmələr arasında birinciliyində 14-15 yaşlıların 70 kiloqramadək çəki dərəcəsində çıxış edən Yusif Qəhrəmanlı da gümüş medal qazanmışdı. Yarışda Azərbaycan idmançılarını federasiyanın şotokan karate üzrə rəhbəri Rənad Əliyev müşayiət edib.


