Tofiq Yaqublunun qızı: Atası həbsxanadakı şəraitə etiraz edərək ailəyə zəng etməkdən imtina edib

Arxiv foto: Tofiq Yaqublu, Voice of America, Public domain, Wikimedia Commons
13-11-2026 11:46

Həbsdəki müxalif siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun noyabrın 12-də ailəsinə niyə zəng etmədiyi bəlli olub. Qızı Nigar Həzi sosial şəbəkə hesabında yazıb ki, aldıqları məlumata görə, atası son günlər daha da ağırlaşan şəraitə etiraz olaraq ona düşən zəng növbəsindən imtina edib.

Həzinin sözlərinə görə, atasının televizora baxmaq imkanı əlindən alınıb. O yazır ki, kiçik otaqlara və baraklara normadan artıq məhbus yerləşdirilib, çoxu çarpayı çatışmazlığından yerdə yatır, nisbətən böyük bir otaq isə boşaldılıb və ora 300-400 məhbus üçün cəmi bir televizor qoyulub: “Xatırladım ki, həbsxanada yeganə informasiya mənbəyi televizordur”.

Nigar Həzi bu dəyişiklikləri Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevin adı ilə bağlayır. Onun fikrincə, Rzayev öz “qaydalarını” tətbiq etməklə “yuxarıdakıların gözündə nüfuz qazanmaq istəyir”. Rzayev bu vəzifəyə oktyabrın 27-də təyin olunub; bundan əvvəl Ədliyyə Nazirliyinin İstintaq idarəsində rəis müavini, sonra isə rəis işləyib.

Penitensiar Xidmət Həzinin bu açıqlamasına hələlik münasibət bildirməyib. Xidmət əvvəlki oxşar şikayətlərə cavabında məhbuslarla yalnız qanun çərçivəsində davranıldığını bildirmişdi, rəsmilər həbsxanalarda sıxlıqla bağlı şikayətləri də əsassız sayırlar.

Bir gün əvvəl Nigar Həzi atasının noyabrın 10-dakı görüşdə 17 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərin yenidən başladığını dediyini yazmışdı. Ailə bu ilin fevralında da Yaqublunun cərimə kamerasına salındığını açıqlamış və bunu oğlunun ABŞ-də siyasi məhbuslara dəstək aksiyasında iştirakı ilə əlaqələndirmişdi.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama maddələri ilə 9 il həbs cəzası verib, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yaqublu özünü təqsirli bilmir və ittihamların qurama olduğunu deyir. Yerli və beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus sayır, Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olduğunu qəbul etmir.

Digər xəbərlər