Əliyevin iştirak etdiyi Dublin sammitində Azərbaycan təhlükəsizlik, miqrasiya və narkotik sənədlərinə qoşulmayıb
Foto: Vlada Republike Slovenije, Public domain, Wikimedia CommonsNoyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (EPC) 9-cu zirvə toplantısında qəbul olunan üç siyasi sənədin heç birində Azərbaycanın imzası yoxdur. Sammitdə ölkəni Prezident İlham Əliyev təmsil edib. Söhbət “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, miqrasiya haqqında bəyanat və “Narkotiklərə qarşı Avropa Koalisiyası”nın bəyanatından gedir.
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə noyabrın 13-də bunu təsdiqləyib. Onun sözlərinə görə, EPC ölkələr arasında etimadı təşviq edən qeyri-rəsmi dialoq platformasıdır və Azərbaycan orada fikir mübadiləsi üçün iştirak edir: “Məhz bu səbəbdən Azərbaycan tərəfi əlavə hüquqi və siyasi öhdəliklər yaradan həmin sənədlərə qoşulmayıb”, - deyib. Sözçü sənədlərin konkret hansı müddəalarının rəsmi Bakı üçün məqbul sayılmadığını deməyib.
Fransa Prezident Administrasiyasının dərc etdiyi təhlükəsizlik bəyannaməsinə 39 Avropa dövləti qoşulub. Sənəddə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü pislənir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü dəstəklənir. Bəyannamənin dördüncü bəndində isə demokratiya, qanunun aliliyi, insan hüquqları, vətəndaş cəmiyyəti üçün əlverişli mühit, media və ifadə azadlığı Avropa təhlükəsizliyinin əsas elementləri kimi göstərilir.
İmzaçı siyahısında Azərbaycandan başqa Ermənistan, Türkiyə, Serbiya və İsveçrənin də adı yoxdur. Cənubi Qafqazdan bu sənədi yalnız Gürcüstan imzalayıb.
Böyük Britaniya, Danimarka və İtaliyanın təşəbbüsü ilə hazırlanan miqrasiya bəyanatını 41 lider və beynəlxalq qurum rəhbəri dəstəkləyib. Sənəd qanunsuz miqrasiyanın azaldılmasını, insan qaçaqmalçılığı şəbəkələrinə qarşı əməkdaşlığı və Avropada qalmaq hüququ olmayan şəxslərin mənşə və tranzit ölkələrinə qaytarılmasını nəzərdə tutur. Bu bəyanatı dəstəkləyənlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze də var. Üçüncü sənəd Fransa və İtaliyanın təşəbbüsü ilə yaradılan narkotiklərə qarşı koalisiyaya aiddir.
Rəsmi Bakı indiyədək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşüb. Azərbaycan hakimiyyəti ölkədə əsas hüquq və azadlıqların qorunduğunu deyir, yerli və beynəlxalq insan haqları təşkilatlarına görə isə Azərbaycanda azı 300 siyasi məhbus var.


