Həbsdəki keçmiş deputat və anası Avropa Məhkəməsindəki şikayətlərini geri götürüblər
İllüstrativ foto: Avropa İnsan Hüquqları Məhkəməsinin zalı, Adrian Grycuk, CC BY-SA 3.0 pl, Wikimedia CommonsAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın Azərbaycana qarşı şikayətini baxılan işlər siyahısından çıxarıb. Məhkəmənin noyabrın 12-də tərəflərə yazılı bildirilən qərarına görə, ərizəçilər 2026-cı il iyunun 19-da şikayəti geri götürmək istədiklərini Məhkəməyə bildiriblər. Şikayətin niyə geri götürüldüyü qərarda göstərilmir.
2021-ci ilin aprelində verilmiş ərizədə ədalətli məhkəmə, ifadə azadlığı və mülkiyyət hüququnun, eləcə də Konvensiyanın hüquqların məhdudlaşdırılmasından sui-istifadəni qadağan edən 18-ci maddəsinin pozulması ilə bağlı şikayətlər Azərbaycan hökumətinə göndərilmişdi. “Abdullayev və Abdullayeva Azərbaycana qarşı” işində Məhkəmə yekdil qərarla şikayətə baxılmasını davam etdirməyə əsas görməyib.
Azadlıq Radiosunun yazdığına görə, Abdullayevin ərizəsində göstərilib ki, o, 2013-cü ildə Almaniyaya köçüb, hökuməti tənqid edən “Susma” mahnısını yaydıqdan sonra İnterpol xətti ilə axtarışa verilib və Almaniyada siyasi sığınacaq alıb. 2018-ci ildə istirahət üçün İstanbulda olarkən saxlanılıb və məhkəmə qərarı olmadan Azərbaycana gətirilib.
Bakı Hərbi Məhkəməsi dələduzluq, vergidən yayınma və digər ittihamlarla ona 6 il həbs cəzası verib. Bacısının pasportu ilə sərhədi keçməkdə təqsirli bilinən anası 4 min manat cərimə cəzası alıb, ailənin bir çox əmlakı müsadirə olunub. Hər ikisi ittihamları əsassız sayır.
2024-cü ilin martında, cəzasının bitməsinə 40 gün qalmış Abdullayev barəsində cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsi ilə yeni cinayət işi başlanıb, o, bu işdə 9 il həbs cəzası alıb. Abdullayev ikinci işin onu həbsdə saxlamaq üçün sifarişlə qurulduğunu deyir. BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu 2020-ci ildə qəbul etdiyi qərarda Türkiyənin və Azərbaycanın onun hüquqlarını pozduğu qənaətinə gəlib.
Zeynəb Abdullayeva son illərdə bir neçə dəfə Prezident İlham Əliyevə müraciət edərək oğlunun səhhətinin ağır olduğunu deyib və onun azadlığa buraxılmasını xahiş edib. 59 yaşlı Hüseyn Abdullayev 2005-2007-ci illərdə Milli Məclisin deputatı olub, 2018-ci ilin aprelindən həbsdədir.


