Son dəqiqə:

SOCAR qazma işlərini 74 faiz artırıb, amma Azərbaycanda neft hasilatı azalmaqda davam edir

Foto: Interfase, Public domain, Wikimedia Commons
02-11-2026 16:57

2026-cı ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işi görüb, bu, ötən ilin eyni dövründən 74,3 faiz çoxdur. Şirkət həmin rübdə Azərbaycanda 6,6 milyon ton xam neft hasil edib.

Energetika Nazirliyinin məlumatına görə, yanvar-sentyabr aylarında ölkədə kondensatla birlikdə 19,9 milyon ton neft çıxarılıb. Bu rəqəmə SOCAR-la yanaşı "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və "Abşeron" yataqlarının hasilatı da daxildir.

Azərbaycanda neft hasilatı son illərdə kəskin düşüb: 2010-cu ildə 50,83 milyon ton olan illik hasilat ötən il 28 milyon tona belə çatmayıb.

Hasilat azalsa da, bu il Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycan nefti 70 faizdən çox bahalaşıb.

Azadlıq Radiosunun yazdığına görə, müstəqil iqtisadçılar hesab edir ki, hökumət qazma işlərini artırmaqla yanaşı real iqtisadi şaxələndirməyə diqqət göstərməlidir, əks halda dayanıqlı iqtisadiyyat qurmaq istəyi sözdə qalacaq.

Digər xəbərlər