SEPAH: Bəhreyndəki ABŞ hava hücumundan müdafiə radarı altı pilotsuz aparatla vurulub

SEPAH Aerokosmik Qüvvələrinin pilotsuz aparatı, Qum sərgisi, 2023. Foto: Mohammadreza Jabbari, CC BY 4.0, Wikimedia Commons
15-11-2026 09:16

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü bildirib ki, onun Aerokosmik Qüvvələrinə məxsus altı pilotsuz uçuş aparatı Bəhreyndəki Ər-Riffa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasına hücum edib. Açıqlama İranın İSNA agentliyi vasitəsilə yayılıb.

SEPAH bəyanatında hücumu “ABŞ ordusunun açıq-aşkar təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsi” adlandırıb. Korpus ABŞ-nin Hörmüz boğazında gəmiləri müşayiət proqramını “rəsmən müşayiət, əslində isə neft qaçaqmalçılığı” kimi təqdim edib və Vaşinqtonun “kiçik, mənasız addımlarla” dünyanın diqqətini boğazın bağlanmasından yayındırmağa çalışdığını iddia edib.

Radarın zədələnib-zədələnmədiyi və itki olub-olmadığı barədə ABŞ və Bəhreyn tərəfi hələlik açıqlama verməyib. Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.

Hücum Hörmüz boğazında gərginliyin yenidən artdığı günlərə düşür. Bazar günü SEPAH boğazda daha iki tankerin minaya düşdüyünü açıqlamışdı, ABŞ Mərkəzi Komandanlığı isə əsas marşrutların minalardan təmizləndiyini və gəmilərin onun mühafizəsi ilə keçdiyini bildirir. “Reuters” agentliyi bir gün əvvəl Trampın İrana zərbələri dayandırmağı müzakirə etdiyini yazmışdı.

Boğazdakı vəziyyət neftin qiymətinə birbaşa təsir edir, neftin qiyməti isə Azərbaycanın büdcə gəlirlərinin əsas göstəricisidir.

Digər xəbərlər