İran parlamentinin sədri: ABŞ İranın 7 şərtini qəbul etsə, razılaşma yolu açıqdır
Arxiv foto: Məhəmməd Baqir Qalibaf. khamenei.ir, CC BY 4.0, Wikimedia Commonsİran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ İranın irəli sürdüyü 7 şərti qəbul edərsə, razılaşmaya yol açıqdır. Onun sözlərini İranın rəsmi “İRNA” agentliyi yayıb.
Qalibaf deyib ki, ABŞ-nin danışıqlar aparmaq, yoxsa müharibə etmək istəməsi Tehran üçün əhəmiyyət daşımır. Onun sözlərinə görə, amerikalılar “bu dəfə səhv etsələr”, döyüşün coğrafiyasını ABŞ-nin istəyi deyil, İran Silahlı Qüvvələrinin gücü müəyyən edəcək. İran parlamentinin sədri ölkəsinin “nə müharibə, nə də sülh” vəziyyətində qalmayacağını və yeni müharibənin nəticələrinin çoxlarına təsir edəcəyini də bildirib.
Bu sözlər “Reuters” agentliyinin Trampın İrana zərbələri dayandırmağı müzakirə etdiyi barədə xəbərindən bir gün sonra səslənib. Eyni gündə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki ABŞ hərbi bazasının radarını dronlarla vurduğunu açıqlayıb, Bəhreyn isə İranın bir neçə hava hücumunun qarşısını aldığını bildirib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri bazar günü Hörmüz boğazında İranla razılaşdırılmayan marşrutla keçməyə çalışan daha iki tankerin minaya düşüb alışdığını da açıqlayıb.
ABŞ və İsrailin fevralda İrana hücumu ilə başlayan müharibə Hörmüz boğazından keçən neft daşımalarını kəskin azaldıb. Boğazdakı vəziyyət neftin qiymətinə, bu da Azərbaycanın neft gəlirlərinə təsir edir.


