Müharibə aparan Rusiyanın büdcə kəsiri 10 ayda illik plandan 1,4 trilyon rubl çox olub
Foto: Центральный банк Российской Федерации, Public domain, Wikimedia CommonsRusiya federal büdcəsi yanvar-oktyabr aylarında, Maliyyə Nazirliyinin ilkin məlumatına görə, 5 trilyon 234 milyard rubl kəsirlə icra olunub. Bu, ümumi daxili məhsulun 2,3 faizidir. Bu ilin büdcə qanununda bütün il üçün 3 trilyon 786 milyard rubl kəsir nəzərdə tutulmuşdu, sentyabrda isə nazirlik illik proqnozu 7 trilyon 345 milyard rubla, yəni ümumi daxili məhsulun 3,2 faizinə qaldırıb.
Ötən ilin eyni dövründə kəsir 3 trilyon 942 milyard rubl olmuşdu. Nazirliyin rəqəmlərinin müqayisəsi göstərir ki, təkcə oktyabrda büdcə 48 milyard rubl kəsirlə bağlanıb.
Neft-qaz gəlirləri 6 trilyon 442 milyard rubla enib. Nazirlik bunu dolların orta məzənnəsinin aşağı düşməsi və neft şirkətlərinə ödənən kompensasiyanın artması ilə izah edir. Qeyri-neft-qaz gəlirləri isə 19,1 faiz artaraq 26 trilyon 734 milyard rubl olub, əlavə dəyər vergisi daxilolmaları 27,8 faiz çoxalıb.
Büdcə xərcləri 13,4 faiz artaraq 38 trilyon 410 milyard rubla çatıb, gəlirlər isə 11 faiz artımla 33 trilyon 176 milyard rubl olub. “Bloomberg” agentliyi noyabrın əvvəlində yazmışdı ki, Rusiya Müdafiə Nazirliyi büdcə kəsiri fonunda hərbçilərin dekabr maaşını yanvara keçirmək istəyir.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, Rusiyada işləyən azərbaycanlıların ailələrinə göndərdiyi pul da rublun vəziyyətindən asılıdır.


