ING: Azərbaycan iqtisadiyyatı bu il cəmi 1,5% böyüyəcək, gələn il neftin qiyməti 77 dollara enə bilər

Foto: Interfase, Public domain, Wikimedia Commons
11-11-2026 09:17

Niderlandın “ING Group” bank qrupu noyabrın 10-da yenilədiyi proqnozlarda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 2026-cı ildə 1,5% artacağını gözlədiyini bildirib. Bankın analitiklərinə görə, artım 2027-ci ildə 3%-ə qədər sürətlənəcək, 2028-ci ildə isə 2,5%-ə düşəcək.

Hökumətin özünün proqnozu daha nikbindir. 2027-ci ilin dövlət büdcəsi layihəsində gələn il ÜDM-in real artımı 2,7%, 2027-2030-cu illərdə isə orta illik artım 3,3% kimi göstərilib.

ING-nin əmtəə bazarı proqnozuna görə, “Brent” neftinin bir bareli 2026-cı ildə orta hesabla 90 dollar, 2027-ci ildə isə 77 dollar olacaq. Bank gələn il qiymətin rüblər üzrə tədricən enəcəyini, ilin sonunda 70 dollara düşəcəyini gözləyir. Avropada qazın qiyməti üçün əsas göstərici sayılan TTF fyuçerslərinin də 2026-cı ildəki orta 60 avrodan 2027-ci ildə 48 avroya (meqavat-saat üçün) enəcəyi proqnozlaşdırılır.

Bu, gəlirinin böyük hissəsini neft və qaz satışından əldə edən Azərbaycan üçün vacib göstəricidir. Hazırda dünya bazarında qiymətlər hələ yüksəkdir: noyabrın 11-də “Azeri Light” neftinin bir bareli 1,5 dollar ucuzlaşaraq 99,4 dollar olub.

ING Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə 5,4% olacağını gözləyir; bu rəqəmləri bank əvvəlki proqnozundan dəyişməyib. 2028-ci il üçün isə proqnoz 0,7 faiz bəndi artırılaraq 6%-ə qaldırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 5,7% olub.

Bankın baza ssenarisinə görə, Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini əsasən dəyişməz saxlayacaq. Mərkəzi Bank sonuncu dəfə oktyabrın 29-da uçot dərəcəsini 6,5% səviyyəsində saxlayıb. ING region üçün alternativ ssenaridə Qərbin ticarət və maliyyə nəzarətini gücləndirməsini, Rusiya və Çinin regionda təsir uğrunda rəqabətini investisiya axınına təhlükə kimi göstərir.

Digər xəbərlər