ABŞ Energetika Nazirliyi bu il üçün “Brent” neftinin orta qiymət proqnozunu 97,4 dollara qaldırıb
Foto: Jernej Furman from Slovenia, CC BY 2.0, Wikimedia CommonsABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2026-cı il üçün “Brent” neftinin orta qiymət proqnozunu bir barel üçün 96,32 dollardan 97,44 dollara qaldırıb. Bu, idarənin aylıq hesabatında deyilir.
Hesabata görə, oktyabrda “Brent”in orta qiyməti sentyabrdakından 10 dollar baha olub və 124 dollara çatıb. Qiymətlər üç aydır ardıcıl artır.
İdarə artımı dünya neft ehtiyatlarının daha da azalması ilə izah edir. Hesabatda deyilir ki, Yaxın Şərqdə, son vaxtlar isə Qara dənizdə neft tankerlərinə edilən hücumlar qlobal tədarükdə yeni fasilələr yaradıb, istifadə oluna bilən tanker donanmasını azaldıb və daşıma xərclərini kəskin artırıb.
EIA 2027-ci il üçün proqnozunu da 83,74 dollardan 85,78 dollara qaldırıb.
Bazar qiyməti isə son günlərdə enib: noyabrın 10-da “Brent” avqustdan bəri ilk dəfə 90 dollardan aşağı düşüb. Neftin qiyməti Azərbaycan büdcəsi üçün əsas göstəricidir, çünki dövlət gəlirlərinin böyük hissəsi neft və qaz ixracından formalaşır.


