Qəzzada köçkünlərin çadırı torpaq altında qalıb: dörd uşaq və bir qadın ölüb
Arxiv foto: Ashraf Amra, CC BY-SA 3.0 igo, Wikimedia CommonsQəzza zolağının mərkəzindəki Deyr əl-Bəlahda bazar günü güclü yağışdan sonra torpaq uçqunu köçkünlərin çadırını basıb, dörd uşaq və bir qadın ölüb, iki nəfər itkin sayılır. Qəzza Hökumət Media Ofisi bazar ertəsi yaydığı bəyanatda baş verənləri “bəşəriyyətin vicdanını utandırmalı olan mənzərə” adlandırıb.
Ofis İsraili, ABŞ-ni və beynəlxalq birliyi “tam və birbaşa məsuliyyətli” sayır. Bəyanatda bunun səbəbi kimi sığınacaq və tikinti materiallarının, karvanların, yanacağın və bələdiyyə və mülki müdafiə texnikası üçün ehtiyat hissələrinin Qəzzaya buraxılmaması göstərilir. Ofis “Sülh Şurası” və Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitəni də hərəkətsizlikdə ittiham edib.
“Əl-Cəzirə” telekanalı yazır ki, İsrail ordusunun məhdudiyyətləri üzündən blokadadakı Qəzzada xüsusi axtarış-xilasetmə avadanlığı çatışmır, sakinlər itkinləri əlləri ilə qazaraq axtarıblar. Telekanalın məlumatına görə, cümə günü başlayan mövsümün ilk qış fırtınası təxminən 70 min çadırı su altında qoyub, İsrail zərbələrindən zədələnmiş binaları da zəiflədib.
“Save the Children” uşaq hüquqları təşkilatı bildirir ki, Qəzzada yarım milyondan çox uşaq “kritik və ya fəlakətli” sığınacaq şəraitində yaşayır. Təşkilatın sözlərinə görə, atəşkəs çadırların əvəzinə daha davamlı karvanların gətirilməsini nəzərdə tutsa da, İsrail hakimiyyəti onların girişini dəfələrlə əngəlləyib.
“Əl-Cəzirə”nin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada 74 600-dən çox adam öldürülüb, 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəsdən sonra isə İsrail 1600-dən çox fələstinlini öldürüb.


