“The New York Times”: ABŞ kəşfiyyatı “Nvidia” rəhbərinin yaxın olduğu qadını Çin üçün məlumat toplamaqda şübhələndirir

Foto: Prime Minister’s Office, GODL-India, Wikimedia Commons
09-11-2026 14:49

Süni intellekt çipləri istehsal edən və bazar dəyəri 4,5 trilyon dollar olan ABŞ şirkəti “Nvidia”nın idarə heyəti rəhbər Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını müstəqil araşdırmağa başlayıb.

“The New York Times” qəzeti oktyabrın sonunda yazıb ki, ABŞ kəşfiyyat rəsmiləri Sinqapurda yerləşən “Megaspeed” şirkətinin keçmiş yüksək vəzifəli əməkdaşı, Çin vətəndaşı Elis Huanqın Pekin tərəfindən “Nvidia” rəhbəri haqqında məlumat toplamaq və şirkətin Çinə çip satışına təsir etmək üçün cəlb edildiyini düşünür. Qəzetin məlumatına görə, “Megaspeed” “Nvidia”dan təxminən 4,8 milyard dollarlıq avadanlıq alıb. Eyni soyadı daşısalar da, Censen və Elis Huanq qohum deyil. Elis Huanq iddialara açıq cavab verməyib, onun harada olduğu bilinmir.

Qəzetin yazdığına görə, ABŞ kəşfiyyatı bir il əvvəl bu şübhələr barədə Donald Trampa məlumat verib, lakin Tramp onsuz da gərgin olan Çinlə münasibətləri çətinləşdirməmək üçün heç bir addım atmayıb. Tramp 2026-cı ilin mayında Çinə səfərindən əvvəl Huanqı rəsmi heyətə qoşulmağa dəvət edib.

“Financial Times” qəzeti noyabrın əvvəlində ABŞ rəsmilərinin kəşfiyyat məlumatları əsasında hazırladığı sənədə istinadla yazıb ki, iki nəfər arasında romantik münasibət olub, kəşfiyyat isə qadının Çin Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən cəlb edildiyini güman edir.

Censen Huanq bazar günü işçilərinə ünvanladığı məktubda “Həyat yoldaşıma xəyanət etdim” yazıb, araşdırma müddətində vəzifəsindən getməyəcəyini bildirib. O, oktyabrın sonunda “Bloomberg” agentliyinə Elis Huanqla ünsiyyətini “tamamilə normal” adlandırmışdı. “Nvidia” ABŞ-nin milli təhlükəsizliyinin və şirkətin məxfi məlumatlarının zərər gördüyünü düşünmək üçün əsas olmadığını deyir.

Qalmaqaldan sonra şirkətin səhmləri noyabrın 9-da 4 faizdən 6 faizədək ucuzlaşıb. Respublikaçılar Huanqın ABŞ Nümayəndələr Palatasının Çin üzrə komitəsinin qapalı dinləmələrinə gəlməsini tələb edib. Qalmaqal Vaşinqtonun Çinin qabaqcıl çiplər əldə etməsinə mane olmağa çalışdığı dövrə təsadüf edir.

Digər xəbərlər