Pensiyasının kəsilməsindən Əliyevə şikayət edən Yevlax sakini 30 sutka inzibati həbs cəzası alıb
İllüstrativ foto: Yevlax dəmir yolu vağzalı. Araz Yaquboglu, CC BY-SA 4.0, Wikimedia CommonsYevlax sakini Elşən Həsənov 30 sutka inzibati həbs cəzası alıb. Bunu onun yaxınları bildirib. Həsənovun hansı maddə ilə cəzalandırıldığı hələlik məlum deyil.
Həsənov noyabrın 13-də “Meydan TV”nin yayımladığı video müraciətində əlillik statusunun ləğv edildiyini və pensiyasının kəsildiyini demişdi. Onun sözlərinə görə, əvvəl II qrup əlilliyi olub və 230 manat pensiya alıb. Sonra əlillik qrupu III qrupa endirilib, pensiyası 180 manata düşüb, bir müddət sonra isə III qrup da ləğv edilib və ödəniş tamamilə dayandırılıb.
Həsənovun dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərarı tibbi sənədlərdə xəstəliyinin dəqiq göstərilməməsi ilə əsaslandırıb, Yevlax Rayon Xəstəxanasındakı həkim isə bu məlumatın sənədlərdə olduğunu təsdiqləyib. O, uşaqlıqdan xəstə olduğunu və daim müalicəyə ehtiyacı olduğunu deyib. Altı ay ərzində nazirliyə dəfələrlə yazdığını, nəticə almayanda Prezident Administrasiyasına məktub göndərdiyini, Administrasiyanın isə məktubları yenidən həmin nazirliyə yönləndirdiyini bildirib.
Video müraciətində Həsənov prezident İlham Əliyevə üz tutub, pensiyaların büdcəni doldurmaq üçün kəsildiyini deyib: “Sən fikirləşirsən ki, biz acından öləcəyik, səndən qorxacağıq? Yox, İlham Əliyev, sən bizi bezdirirsən. Məcbur edirsən ki, gəlib Prezident Administrasiyasının qarşısında üsyan edək, səninlə savaşaq. Mən ölürəm, qoy elə səninlə savaşıb ölərəm”.
Daxili İşlər Nazirliyi Həsənovun həbsi barədə hələlik açıqlama verməyib. Oktyabrın 29-da polis əməkdaşlarından “Meydan TV”yə şikayət edən Araz Babayev də üç gün sonra cinsi zorakılıq və şantaj ittihamı ilə saxlanılmışdı. Onun ailəsi ittihamları rədd edib, Babayevin şərlənərək tutulduğunu deyib.


