QHT-lər 30 gün ərzində yenidən qeydiyyata düşməsə, fəaliyyəti dayandırılacaq
Arxiv foto: Milli Məclisin iclas zalı, 1995. CalalC99, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycanda indiyədək dövlət qeydiyyatına alınmış bütün qeyri-hökumət təşkilatları - ictimai birliklər və fondlar - yeni qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində nizamnamələrini dəyişib yenidən qeydiyyat üçün müraciət etməli olacaq. Bu tələb Milli Məclisin noyabrın 17-də və 18-də keçiriləcək iclaslarının gündəliyinə salınmış “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişikliklərin keçid müddəalarında yazılıb.
Eyni tələb xarici QHT-lərə də aiddir. Azərbaycanda qeydiyyatda olan, amma qanunun tələb etdiyi sazişin müddəti bitmiş və ya ümumiyyətlə sazişi olmayan xarici təşkilatların filial və nümayəndəlikləri də 30 gün ərzində saziş bağlamalı və ya onun müddətini uzatmalı, sonra yenidən qeydiyyat üçün müraciət etməlidir.
Layihəyə görə, bu müddətdə müraciət etməyən və ya qeydiyyatdan imtina cavabı alan təşkilatların fəaliyyətinin dayandırılması barədə “müvafiq icra hakimiyyəti orqanı” qərar verəcək və onların ləğv edilməsi üçün məhkəməyə müraciət edəcək. Layihədə bu orqanın adı çəkilmir; Azərbaycanda QHT-lərin dövlət qeydiyyatını hazırda Ədliyyə Nazirliyi aparır.
Yenidən qeydiyyat üçün nizamnamələrə yeni bölmələr əlavə olunmalıdır: təşkilatın əmlakı və pulunun nizamnamə məqsədlərinə uyğun xərclənməsinə daxili nəzarət qaydası, bu nəzarəti aparan orqanın necə yaradıldığı və səlahiyyətləri, eləcə də vəsait alarkən, toplayarkən və köçürərkən terrorçuluğun maliyyələşdirilməsi risklərini azaltmaq üçün qaydalara kimin nəzarət etdiyi. Layihə QHT-lərin növlərini də müəyyənləşdirir və hər təşkilat yalnız bir növdə yaradıla biləcək.
Bu, eyni qanun layihəsində QHT-lərə qarşı sərtləşdirilən yeganə müddəa deyil. Layihə qəbul olunsa, təşkilatın fəaliyyətini bir ilədək müddətə məhkəmə yox, icra orqanı dayandıra biləcək, fond yaratmaq üçün minimum nizamnamə kapitalı 10 min manatdan 100 min manata qalxacaq, “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” isə təşkilatın ləğvi üçün əsas olacaq.
Dəyişikliklər Azərbaycanda QHT rəhbərlərinin cinayət işi ilə məhkəmə qarşısına çıxdığı vaxta düşür. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən “QHT işi”ndə prokuror “Vətəndaş Hüquqları İnstitutu”nun həbsdəki rəhbəri Bəşir Süleymanlıya 9 il həbs cəzası istəyib, eyni işdə iki fəal artıq 7 və 8 il həbs cəzası alıb. Süleymanlı pulların qanuni yolla alındığını deyir.


