QHT qanununa dəyişiklik: “Dövlətin və cəmiyyətin maraqlarına təhdid” təşkilatın ləğvi üçün əsas olacaq

Qrafik: V-Dem məlumatları əsasında Our World In Data, CC BY 4.0, Wikimedia Commons
16-11-2026 16:57

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişikliklər QHT-lərin məhkəmə qərarı ilə ləğv edilə biləcəyi halları genişləndirir. Layihəyə görə, fəaliyyəti “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” yaradan və ya insanların həyatı və sağlamlığı üçün real təhlükə törədən təşkilat ləğv edilə biləcək.

İndiki qanunda ləğv üçün əsas təşkilata bir il ərzində iki dəfədən çox yazılı xəbərdarlıq edilməsi və ya pozuntunun aradan qaldırılması barədə göstəriş verilməsidir: bu halda icra orqanının müraciəti ilə məhkəmə qərar verir. Layihə buna yeni əsaslar əlavə edir: üç il ardıcıl ümumi yığıncaq çağırmamaq, üç ildən artıq fəaliyyət göstərməmək, qanunda yazılan fəaliyyət növlərinə və ya nizamnamədəki məqsədlərə uyğun işləməmək, fəaliyyəti dayandırılan dövrdə işləməyə davam etmək. Çirkli pulların yuyulmasına qarşı qanunu pozduğuna görə cərimələnən və ya hədəfli maliyyə sanksiyasına məruz qalan, amma pozuntunu aradan qaldırmayan təşkilat da ləğv edilə biləcək.

Fəaliyyətin dayandırılması üçün də yeni hallar yazılıb. Şəffaflığı təmin etməyən, korrupsiyaya, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunla tələb olunan tədbirləri görməyən təşkilatın, eləcə də rəhbərinin səlahiyyət müddəti bitəndən sonra üç ay ərzində dövlət reyestrində dəyişiklik etməyən QHT-nin fəaliyyəti dayandırıla biləcək. Xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri üçün sazişin müddətinin bitməsi də belə əsas sayılır. Bu hallarda qərarı məhkəmə yox, “müvafiq icra hakimiyyəti orqanı” verəcək və fəaliyyəti bir ilədək dayandıra biləcək.

Layihə Milli Məclisin noyabrın 16-18-dəki iclaslarının gündəliyindədir. Eyni dəyişikliklərlə fond yaratmaq üçün tələb olunan minimum kapitalın 10 min manatdan 100 min manata qaldırılması da təklif edilir.

Dəyişikliklər QHT rəhbərlərinin cinayət təqibi ilə eyni dövrə düşür. QHT-lərin maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə açılıb 2022-ci ildə dayandırılan cinayət işi üzrə Baş Prokurorluq 2025-ci ilin fevralında istintaqı yenidən başladıb. Bundan sonra beynəlxalq donorlarla işləyən bir sıra QHT rəhbərləri, o cümlədən Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Ubuntu” Sosial İş Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev və Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov saxlanılıb.

İsveçin Göteborq Universitetindəki V-Dem İnstitutunun vətəndaş cəmiyyətində iştirak indeksi də Azərbaycanın göstəricisinin son illərdə kəskin düşdüyünü göstərir.

Digər xəbərlər