Gəmiçilər birliyi: Rumıniya sahillərində dron hücumuna məruz qalan “Palmali” tankerinin heyətində 13 azərbaycanlı var

İllüstrativ foto: Sulina mayakı, Julieta39, CC BY-SA 4.0, Wikimedia Commons
15-11-2026 13:36

“Azərbaycan gəmiçilərinə dəstək” İctimai Birliyi bildirir ki, noyabrın 15-nə keçən gecə, saat 02:00 radələrində Rumıniyanın Sulina limanı yaxınlığında “Palmali” şirkətinə məxsus “Alı Najafov” tankeri dron hücumuna məruz qalıb. Birliyin məlumatına görə, gəmidə 14 nəfər olub: onlardan 13-ü Azərbaycan, biri Türkiyə vətəndaşıdır.

Hadisə şahidlərinin sözlərinə görə, heyət üzvlərinin cəld müdaxiləsi yanğının yük tanklarına keçməsinin və gəmidəki dizel yanacağının alışmasının qarşısını alıb. Birlik heyətin hazırda təxliyə olunmağı gözlədiyini bildirir.

“Palmali” azərbaycanlı iş adamı Mübariz Mənsimovun (Qurbanoğlu) qurduğu gəmiçilik şirkətidir və əsasən tanker daşımaları ilə məşğuldur.

Rumıniya Müdafiə Nazirliyi daha əvvəl noyabrın 14-də axşam Sulina yaxınlığında iki ticarət gəmisinin, Yunanıstan bayrağı altında üzən “Evia Petrol V” tankeri ilə “Marsol” yük gəmisinin pilotsuz aparatlarla vurulduğunu, hər ikisində yanğının söndürüldüyünü və xəsarət alan olmadığını açıqlamışdı. Birliyin “Alı Najafov” üçün göstərdiyi vaxt nazirliyin açıqladığı hücumlardan bir neçə saat sonraya düşür. Rumıniya hakimiyyəti dronların haradan gəldiyini hələlik açıqlamayıb.

Rumıniya sahilləri yaxınlığında ticarət gəmilərinə hücumlar son həftələrdə artıb. Noyabrın 13-də Ukraynaya gedən “Larissa 1” gəmisi sahildən təxminən 12 kilometr aralıda vurulub, oktyabrın 23-də Konstansa yaxınlığındakı hücumda isə bir dənizçi ölüb, üç nəfər itkin düşüb.

Digər xəbərlər