Ağstafada partlamamış hərbi sursat partlayıb: bir nəfər ölüb, bir nəfər yaralanıb

İllüstrativ foto: Füzulidə minatəmizləmə işləri. Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
15-11-2026 17:30

Noyabrın 15-də Ağstafa rayonunun Ceyrançöl ərazisində partlamamış hərbi sursat partlayıb, bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, partlayış Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul İbrahimovla Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib Əmrahovun partlamamış sursata müdaxiləsi nəticəsində baş verib.

Rəsul İbrahimov aldığı xəsarətlərdən ölüb. Yerli mediada onun xəstəxanaya aparılarkən yolda keçindiyi, Sahib Əmrahovun isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisə ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. Qurumlar sakinləri şübhəli əşyalara toxunmamağa və partlayıcı sursatlara müdaxilə etməməyə çağırıb.

Ceyrançöl Gürcüstan sərhədinə yaxın, əsasən otlaq kimi istifadə olunan geniş düzənlikdir.

Digər xəbərlər