Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalan gəmidə 13 azərbaycanlının olduğu deyilir
İllüstrativ foto: Sulina limanı. Nenea hartia, CC BY-SA 4.0, Wikimedia CommonsRumıniya Müdafiə Nazirliyi bildirir ki, noyabrın 14-də axşam Qara dənizdə, Dunay çayının mənsəbindəki Sulina limanı yaxınlığında iki ticarət gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Yunanıstan bayrağı altında üzən “Evia Petrol V” tankeri yerli vaxtla saat 21:10-da limandan təxminən 4 dəniz mili şərqdə vurulub, təxminən 35 dəqiqə sonra isə “Marsol” yük gəmisi Sulina kanalı yaxınlığında hücuma məruz qalıb. Nazirliyin məlumatına görə, hər iki gəmidə yanğın çıxıb, heyətlər alovu söndürüb, ölən və yaralanan olmayıb.
“Qafqazinfo” yazır ki, Sulina limanı ətrafında hücuma məruz qalan gəmilərdən birində 14 nəfər olub: onlardan 13-ü Azərbaycan, biri Türkiyə vətəndaşıdır. Saytın hadisə şahidlərinə istinadən yazdığına görə, heyətin cəld müdaxiləsi alovun yük tanklarına keçməsinin və gəmidəki dizel yükünün alışmasının qarşısını alıb.
Rumıniya hakimiyyəti gəmiləri vuran dronların haradan gəldiyini müəyyənləşdirməyib. Müdafiə Nazirliyi Ukraynaya məxsus İlan adasının şərqində hava hədəfi aşkarlandığını və iki F-16 qırıcısının havaya qaldırıldığını bildirib. Tulça dairəsinin sakinlərinə dron təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Eyni gecə Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, Rusiya dronları Ukraynanın Odessa vilayətindəki Çornomorsk limanına, eləcə də dəniz yolu ilə Odessa limanına “hərbi və ikili təyinatlı yük” daşıyan quru yük gəmisinə zərbə endirib. Nazirlik həmin gəminin adını və vurulduğu yeri açıqlamayıb.
Bu, Rumıniya sahilləri yaxınlığında son günlərdəki ilk hadisə deyil. Noyabrın 13-də axşam Palau bayrağı altında üzən və son təyinat məntəqəsi Ukrayna olan “Larissa 1” gəmisi Rumıniya sahillərindən təxminən 12 kilometr aralıda dron zərbəsinə məruz qalıb, gəminin yük kranı zədələnib. Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea araşdırmaya başlanıldığını bildirib. Oktyabrın 23-də Konstansa yaxınlığında baş verən başqa hücumda isə bir dənizçi ölüb, üç nəfər itkin düşüb.


