Son dəqiqə:

Azərbaycanda özəl məktəblərin illik haqqı 22 min manatı ötür, bir çox məktəbdə yuxarı hədd qalxıb

İllüstrativ foto. Foto: Escuela16de17, CC BY-SA 4.0, Wikimedia Commons
03-11-2026 07:56

2026-2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları 4 min manatdan 22 700 manata qədərdir. Ən bahalı siyahının başında Bakı Oxford Məktəbinin yuxarı sinifləri (17 500-22 700 manat) və Azərbaycan Britaniya Kolleci (ibtidai və orta siniflər 20-21 min, A-Level 22 min manat) gəlir.

Trend agentliyi məktəblərin qiymətlərini araşdırıb və ötən illə müqayisə edib. Ən yüksək haqq Bakı Oxford Məktəbinin yuxarı siniflərində 20 500 manatdan 22 700 manata, Avropa Azərbaycan Məktəbində 16 250 manatdan 17 500 manata, SABIS SUN International School-da 15 900 manatdan 17 min manata, Kaspi Liseyində 9 450 manatdan 11 100 manata qalxıb.

Hədəf Liseyində qiymətlər filial, dil və proqramdan asılı olaraq 4-12 min manat (ötən il 5-9 min), LANDAU School-da 9 200-14 400 manat, Xəzər Universiteti Dünya Məktəbində 9 500-14 min manatdır. Bakı Modern Təhsil Kompleksində isə ibtidai siniflər üçün Azərbaycan bölməsində 13 min, ingilis bölməsində 18 min manat istənilir, ötən il qiymət 12 min manatdan başlayırdı.

Bəzi məktəblərdə ən aşağı qiymət isə ötən ilkindən azdır: Hədəf Liseyində 5 min manatdan 4 min manata, Kaspi Liseyində 8 350 manatdan 6 min manata, SABIS SUN International School-da 14 400 manatdan 12 206 manata düşüb. Qiymətlər filial, sinif səviyyəsi və tədris proqramına görə dəyişir. Dövlət məktəbləri ödənişsizdir.

Digər xəbərlər