Dekabrın 16-da Binəqədi, Şirvan, Hövsan və Yevlaxda 1 049 güzəştli mənzil satışa çıxarılır

Arxiv foto: Hövsan yaşayış kompleksi, Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
13-11-2026 09:16

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksində ümumilikdə 1 049 mənzili güzəştli şərtlərlə satışa çıxarır. Agentliyin məlumatına görə, satış dekabrın 16-da saat 11:00-da başlayacaq və 13:00-dək davam edəcək, gözləmə qaydasında mənzil seçimi isə 12:00-13:00 arasında aparılacaq.

Mənzillərin 839-u Binəqədi, 201-i Şirvan yaşayış kompleksində, 5-i Hövsan kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlaxda yerləşir. Hövsan və Binəqədidə mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsaitlə, həm də ipoteka krediti ilə alına bilər.

Güzəştli ipotekanın illik faizi 4 faizdir, kredit müddəti 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kreditlə Şirvanda aylıq ödəniş 236 manatdan, Yevlaxda 186 manatdan başlayır.

MİDA bildirir ki, mənzillər tam təmirli, mətbəx mebeli, kombi istilik sistemi, su, qaz və elektrik sayğacları ilə təklif olunur. Seçim elektron “Güzəştli mənzil” sistemi ilə aparılacaq, satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə bilər. Agentliyə görə, qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bütün iştirakçıların hüququ bərabərdir. Mənzillərin sahəsi və qiyməti MİDA-nın saytında açıqlanıb.

Digər xəbərlər