Türkiyədə 48 iş üzrə axtarılan “Boyunlar” qrupunun rəhbərlərindən birinin Azərbaycanda tutulduğu bildirilir

Foto: Battlesnake1, CC0, Wikimedia Commons
13-11-2026 00:05

Türkiyədə “Boyunlar” adı ilə tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən biri sayılan Mehmet Recep Demirin Azərbaycanda tutulduğu bildirilir.

Anadolu agentliyi və digər Türkiyə mediaları rəsmi orqanlara istinadən yazır ki, Demir Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində gizləndiyi yerdə aşkarlanıb. Məlumata görə, o, məhkəmə qərarı ilə DTX-nin istintaq təcridxanasında saxlanılır.

Türkiyədə Demirin barəsində 48 iş üzrə həbs qərarı olduğu deyilir. Məlumatda bildirilir ki, Türkiyə prokurorluğu onun ekstradisiyası üçün sorğu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.

Bir neçə ay əvvəl Demirin gizli yolla Azərbaycana keçdiyi, daha sonra burada silahlı hücum nəticəsində öldüyü barədə xəbərlər yayılmışdı. Türkiyə mediasının indiki məlumatına görə, ölüm xəbəri təqibdən yayınmaq üçün qəsdən yayılıbmış.

Türkiyə hüquq-mühafizə orqanları Avropa və Asiyada şəbəkəsi olduğu deyilən “Boyunlar” və ondan ayrılmış “Daltonlar” qruplaşmaları barədə istintaq aparır. Demirə qarşı irəli sürülən ittihamlar üzrə məhkəmə hökmü yoxdur.

Digər xəbərlər