Lənkəranda bir ailənin 7-si uşaq olmaqla 9 üzvü qidadan zəhərlənib

İllüstrativ foto: Moonsun1981, CC BY-SA 3.0, Wikimedia Commons
12-11-2026 18:29

Lənkəranın Osaküçə kəndində bir ailənin 9 üzvü noyabrın 11-də qida zəhərlənməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, zəhərlənənlərdən 7-si uşaq, biri qadın, biri kişidir. Onlara yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Zəhərlənmənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, ilkin araşdırmaya görə, ailə üzvlərinin səhhəti evdə hazırlanmış plov və konservləşdirilmiş pomidor yedikdən sonra pisləşib.

Bu, son aylarda ölkədə qeydə alınan çoxsaylı zəhərlənmələrdən biridir. İyulun 12-15-də Gəncə və Samuxda üç yas mərasimindən sonra 22 nəfər zəhərlənib, AQTA ortaq risk kimi evdə hazırlanıb satılan lavaşı göstərib. İyulda Şəmkirdə bir restoranda 11, avqustda İsmayıllıda toyda 40, sentyabrın sonunda Kürdəmirdə toydan sonra 90-dan çox adam zəhərlənmə şübhəsi ilə xəstəxanaya düşüb.

Oktyabrda Gəncə, Sumqayıt və Beyləqanda onlarla şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb, Qaxda isə 7 nəfər meşədən yığılan göbələkdən zəhərlənib. Bu hadisələrin bir qismində səbəb laboratoriyada təsdiqlənib, digərlərində yalnız ilkin ehtimal açıqlanıb; yekun nəticələr hamısı üzrə açıqlanmayıb.

Digər xəbərlər