Keçmiş generalın dələduzluqda ittiham olunan qızı 4 aylıq ev dustaqlığına buraxılıb
İllüstrativ foto: Adirach Toumlamoon, CC BY 4.0, Wikimedia CommonsSumqayıt Şəhər Məhkəməsi noyabrın 12-də Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyeva barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Məhkəmə qərarında onun himayəsində 4 uşaq olduğunu, uşaqlarını təkbaşına böyütdüyünü, vurulan ziyanın bir hissəsini geri qaytardığını, daimi yaşayış yeri olduğunu, istintaqdan yayınmadığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə aldığını bildirib.
Türkər Əliyevaya Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq (178.3.2), vəzifə saxtakarlığına təhrik (32.4, 313) maddələri ilə ittiham verilib. İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək edəcəyini deyərək külli miqdarda pul alıb.
Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluğun apardığı araşdırma çərçivəsində noyabrın 11-də saxlanılmışdı. Onun barəsində hələ hökm yoxdur.
Natiq Əliyev əvvəllər Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna, sonra nazirliyin tibb xidmətinə rəhbərlik edib. Türkər Əliyeva bundan əvvəl də qalmaqalla gündəmə gəlmişdi: o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşerondakı ərazi idarəsinin rəisinin və bir əməkdaşın ona qarşı qanunsuzluq edib təhqir etdiyini iddia etmişdi, həmin rəis sonra vəzifədən azad olunmuşdu.


