Azərbaycanda neft-qaz sektoru 10 ayda 0,9 faiz kiçilib, ABŞ agentliyi hasilatın daha da azalacağını gözləyir
İllüstrativ foto. Foto: Asif Masimov (masimovasif.net), CC BY-SA 4.0, Wikimedia CommonsDövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektorunda yaradılan məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 35,2 milyard manata düşüb. Qeyri-neft-qaz sektoru isə 2,9 faiz artaraq 80,7 milyard manata çatıb. Nəticədə ümumi daxili məhsul (ÜDM) 1,7 faiz artımla 115,9 milyard manat olub.
Neft hasilatı ilə bağlı xarici proqnoz da azalma göstərir. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) noyabrda açıqladığı “Qısamüddətli enerji perspektivi” hesabatında Azərbaycanda neft və digər maye yanacaq hasilatının 2025-ci ildəki gündəlik 580 min bareldən 2026-cı ildə 550 min barelə, 2027-ci ildə isə 530 min barelə enəcəyini gözləyir.
Maliyyə naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisdə 2027-ci il büdcəsinin müzakirəsi zamanı iqtisadiyyatın neftdən asılılığının davamlı olaraq azaldığını bildirib.
Dövlət büdcəsi hələlik artıqla gedir. Statistika Komitəsinin rəqəmlərinə görə, yanvar-oktyabrda büdcənin gəlirləri 33,6 milyard manat, xərcləri isə 28,8 milyard manat olub, nəticədə 4,8 milyard manat profisit yaranıb. Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 2,1 faiz, xərclər isə 3,8 faiz artıb.
Komitənin məlumatına görə, oktyabrın 31-nə Azərbaycanın xarici dövlət borcu 4,48 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 7,7 faiz azdır.


