Qəbul imtahanında 600-dən çox bal toplayan çağırışçılar hərbi xidmətdə intellektual bölmələrə cəlb olunacaq

İllüstrativ foto: Chairman of the Joint Chiefs of Staff, CC BY 2.0, Wikimedia Commons
16-11-2026 20:00

Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrə çağırışçı seçiminin meyarlarını genişləndirib. Nazirliyin məlumatına görə, layihə “yeni peşəkar inkişaf mərhələsinə” keçir və seçimdə yüksək akademik nəticələrlə yanaşı informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika və proqramlaşdırma üzrə bacarıqlar da nəzərə alınacaq.

Bu bölmələrdə xidmətə aşağıdakı meyarlardan ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilər: Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul imtahanlarında istənilən ixtisas qrupu üzrə 600 və daha çox bal toplayanlar; beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri; “Times Higher Education” və ya “Academic Ranking of World Universities” reytinqlərində ilk 500-ə düşən xarici universitetlərin məzunları.

Siyahıya xaricdə təhsil üzrə Dövlət Proqramına daxil olan universitetlərin məzunları (təhsil dövlət, yoxsa şəxsi vəsaitlə ödənilməsindən asılı olmayaraq), informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə “Advanced” və ya “Expert” səviyyəli beynəlxalq sertifikatı olanlar, həmçinin robototexnika, pilotsuz sistemlər və süni intellekt üzrə yarışların qalibləri də daxildir.

Nazirlik yeni yanaşmanı ordunun texnoloji tələblərinin artması ilə izah edir və bildirir ki, bu model xaricdə təhsil almış gənclərin hərbi xidmətə marağını artırır. Uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin saytındakı “İntellektual bölmələr” hissəsi vasitəsilə elektron müraciət edə bilərlər; bunun üçün ayrıca portal istifadəyə verilib.

Azərbaycanda kişilər üçün müddətli həqiqi hərbi xidmət məcburidir.

Digər xəbərlər