Mədəsi tamamilə götürülən onkoloji xəstə əlilliyinin ləğv edildiyini deyir, agentlik əsas görmür

İllüstrativ foto: Urek Meniashvili, CC BY-SA 3.0, Wikimedia Commons
16-11-2026 18:06

Bakı sakini Viktoriya Nəcəfova onkoloji xəstəlik səbəbindən mədəsi tamamilə götürülsə də, əlilliyinin ləğv edildiyini və yenidən təyin olunmadığını deyir. Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi isə onun sağlamlıq vəziyyətinin əlillik üçün əsas vermədiyini bildirir.

Nəcəfova “Trend” agentliyinə müraciətində deyib ki, 2020-ci il oktyabrın 11-də ona ikinci mərhələ Hodckin limfoması diaqnozu qoyulub. Altı kurs kimyaterapiyadan sonra əməliyyat olunub və ona üçüncü dərəcə əlillik təyin edilib. Onun sözlərinə görə, status üç il qüvvədə olub, sonra ləğv edilib.

Nəcəfova əməliyyatdan sonra qidalanmada problemlər yaşadığını, dəmir və B qrupu vitaminləri çatışmazlığı səbəbindən iki aydan bir dərman qəbul etməli olduğunu deyir. O, qanda şəkərin düşməsi, taxikardiya və kəskin halsızlıq yaşadığını, həkimlərin ona dempinq sindromu diaqnozu da qoyduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əlilliyin yenidən qiymətləndirilməsi üçün iki dəfə müraciət edib, hər dəfə imtina alıb.

Agentliyin ictimaiyyətlə əlaqələr departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nəcəfova 15 dekabr 2025 və 9 yanvar 2026-cı il tarixlərində agentliyin həkim-ekspertləri tərəfindən əyani müayinə olunub. Onun sözlərinə görə, hər iki müayinədə vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi qərarına gəlinib.

Qurbanov əlavə edib ki, Nəcəfovanın vəziyyətində əlilliyə əsas verə biləcək ağırlaşmalar yaranıbsa, o, qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir; yeni göndəriş rəsmiləşdirilərsə, əlillik təkrar qiymətləndirilə bilər. Nəcəfova isə məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və işə dekabrda baxılacağını deyir.

Digər xəbərlər