Estoniya dron zavoduna təxribat cəhdində Rusiya kəşfiyyatını günahlandırıb, sərhəd-keçid məntəqələrini bağlayır

Narva-İvanqorod keçid məntəqəsi, arxiv foto: Tony Bowden, CC BY-SA 2.0, Wikimedia Commons
15-11-2026 19:45

Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacağını açıqlayıb. Xarici işlər naziri Marqus Tsahkna qərarı noyabrın 14-nə keçən gecə dron istehsalçısı “Threod Systems” şirkətinin binasını yandırmaq cəhdi ilə əlaqələndirib və bunun arxasında Rusiya hərbi kəşfiyyatının (QRU) dayandığına dair “inandırıcı sübutlar” olduğunu deyib.

“Rusiya anlamalıdır ki, Estoniyaya qarşı düşmənçilik addımlarının nəticəsi olur. Bizi qorxutmaq, vəziyyəti sabitsizləşdirmək və təhlükəsizliyimizi sarsıtmaq cəhdləri cavabsız qalmayacaq”, - deyə Tsahkna bildirib.

Estoniyanın baş prokuroru Astrid Asinin sözlərinə görə, paytaxt yaxınlığındakı Viimsi bələdiyyəsində yerləşən zavoda hücum edənlər pəncərələri sındırıb içəriyə yanar maye tökməyə çalışıblar. Cəhdin şirkətin öz mühafizə xidmətinin müdaxiləsi ilə yarımçıq qaldığı, xəsarət alan olmadığı və binaya ciddi ziyan dəymədiyi bildirilir.

Estoniyanın Təhlükəsizlik Polisi (KaPo) polis və sərhəd xidməti ilə birlikdə Latviyada yaşayan səkkiz nəfəri saxlayıb, onlardan beşi barəsində həbs qərarı seçilib. Saxlanılanların vətəndaşlığı açıqlanmayıb. KaPo-nun rəhbəri Marqo Palloson əks-kəşfiyyat məlumatlarına əsaslanaraq cəhdi Rusiyanın təşkil etdiyini, QRU-nun isə onu əlaqələndirdiyini iddia edib.

“Threod Systems” pilotsuz uçuş aparatları, eləcə də kəşfiyyat və müşahidə üçün elektro-optik sistemlər istehsal edir. Hazırda Estoniya ilə Rusiya arasında üç keçid məntəqəsi işləyir: Leninqrad vilayətindəki İvanqorod, Pskov vilayətindəki Kuniçina Qora və Şumilkino.

Digər xəbərlər