Zelenski: Peyk internetinə qoyulan sürət məhdudiyyəti Ukraynaya Rusiyanın reaktiv dronlarını tutmağa imkan vermir

Arxiv foto: MSC / Kuhlmann, CC BY-SA 4.0, Wikimedia Commons
15-11-2026 22:08

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 15-də bildirib ki, cəbhə xəttində və Rusiyanın nəzarətindəki ərazilərdə “Starshield” peyk terminallarının iş sürətinə qoyulan məhdudiyyət hələ də qalır. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna Rusiyanın elektrik yarımstansiyalarını hədəf alan reaktiv dronlarını tuta bilmir.

“Tutucu dronlarımız saatda 161 kilometr sürətə çatanda operatorları ilə əlaqəni itirir və Rusiyanın reaktiv “Şahed”lərinə sadəcə çata bilmir”, - Zelenski yazıb. İran konstruksiyası əsasında hazırlanan bu dronlar Ukraynanın enerji obyektlərinə hücumlarda işlədilir. Zelenski əlavə edib: “Məhdudiyyətlərin götürülməsinə ümid edirik. Qış qabağı insanların həyatının və enerji infrastrukturunun qorunması birbaşa bundan asılıdır”.

“Starshield” İlon Maskın “SpaceX” şirkətinin “Starlink” xidmətinin hərbi versiyasıdır və Ukraynaya ABŞ hökuməti tərəfindən verilir. Ukrayna adi “Starlink”i cəbhədə rabitə üçün, “Starshield”i isə hava məkanında raket və dronların tutulması üçün işlədir. Zelenski rəsmilərə ABŞ hökuməti və Maskın şirkəti ilə “mümkün qədər sıx işləməyi” tapşırdığını deyib.

Sürət problemi oktyabrda üzə çıxıb. Mask məsuliyyətin xidmətə nəzarət edən ABŞ hökumətinin üzərində olduğunu deyib, Prezident Donald Tramp isə bunu rədd edərək Maska xidməti “əvvəlki vəziyyətə qaytarmağı” dediyini bildirib. Bir həftə sonra əlaqə bərpa olunmuş kimi görünsə də, Kiyev məhdudiyyətlərin davam etdiyini deyir. Problem Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri üstündə Tramp ilə Zelenski arasında yaranan gərginliyə təsadüf edib: Tramp bu zərbələrin dünya bazarında neft qiymətlərini qaldırdığını deyib.

Ukrayna tərəfinin məlumatına görə, Rusiya bazar gecəsi və səhəri Zaporojye, Sumı, Odessa, Jitomir və Kirovoqrad vilayətlərində enerji obyektlərini, Dnepr, Xarkov və Zaporojye vilayətlərində dəmir yolu infrastrukturunu vurub. Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus Mena şəhərində infrastruktur obyektinə hücum nəticəsində iki nəfərin öldüyünü bildirib. Ukrayna həmçinin Rusiya raketlərinə qarşı işlədilən ABŞ istehsalı “Patriot” raketlərinin çatışmazlığı ilə üzləşir.

Digər xəbərlər