NATO 2027-ci ildə Albaniyada planlaşdırılan sammiti keçirməyəcək

Mark Rütte Haaqa sammitində, arxiv foto: Ministerie van Buitenlandse Zaken, CC BY-SA 4.0, Wikimedia Commons
15-11-2026 19:06

NATO liderlərinin 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan sammiti baş tutmayacaq. Albaniyanın Baş naziri Edi Rama bildirib ki, sammitin vaxtı ilə bağlı hələlik ortaq mövqe yoxdur, amma dəqiq olan budur ki, 2027-ci ildə keçirilməyəcək. Ramanın sözlərinə görə, sammit 2028-ci ildə olarsa, Tiranada keçirilməlidir.

“Associated Press” agentliyi yazır ki, alyans sammitlərin və nazirlər görüşlərinin sayını azaldır. Xarici işlər nazirləri bundan sonra ildə iki dəfə yox, bir dəfə toplanacaq. Müdafiə nazirləri 2026-cı ilin oktyabrında görüşməyib, 2027-ci ilin oktyabrı üçün də görüş planlaşdırılmayıb. NATO bu dəyişikliyi “yenidən təşkil paketi”nin bir hissəsi adlandırır.

NATO-nun baş katibi Mark Rütte agentliyə müsahibəsində ləğvin səbəbi barədə birbaşa cavab verməyib. O, alyansın görüşlərin təşkilinə çevik yanaşdığını, sammitlərin ehtiyac yarananda keçirildiyini deyib. Rütte xərcləri də xatırladıb: “32 müttəfiqin, eləcə də Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi tərəfdaş ölkələrin iştirak etdiyi görüşün təşkili çox baha başa gəlir”.

Agentliyin məlumatına görə, 2025-ci ildə Niderlandda keçirilən sammitin hazırlığı təxminən bir il çəkib və 100 milyon dollara yaxın xərc tələb edib. 2014-cü ilə qədər NATO sammitləri adətən iki ildən bir keçirilirdi.

Qərar alyans daxilində hərbi xərclər, İran və Ukraynadakı müharibələrlə bağlı fikir ayrılıqlarının artdığı dövrə təsadüf edir. Azərbaycan NATO üzvü deyil, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində alyansla əməkdaşlıq edir; Türkiyə isə NATO-nun ən böyük ordularından birinə malik üzvdür.

Digər xəbərlər