Əbu-Dabidə ərazi günü: Ukraynanın Putinə Donbası “tam tutulmuş” elan etməyə imkan verən ABŞ təklifini rədd etdiyi deyilir
Foto: Chairman of the Joint Chiefs of Staff, CC BY 2.0, Wikimedia CommonsABŞ, Rusiya və Ukrayna nümayəndələrinin Əbu-Dabidəki danışıqlarının ikinci günü noyabrın 11-də başlayıb və bu günün əsas mövzusunun ərazi məsələsi olacağı gözlənilir. “Politico” nəşrinin Avropa bürosu yazır ki, görüşü təşkil edən ABŞ rəsmiləri qeyri-rəsmi söhbətlərdə həm Rusiyanın, həm də Ukraynanın ərazi məsələsində müəyyən çeviklik göstərdiyini deyirlər.
Britaniyanın “The Telegraph” qəzeti danışıqlara yaxın ukraynalı mənbəyə istinadla yazır ki, Kiyev Donetsk və Luhansk vilayətlərinin sərhədlərinin dəyişdirilməsi barədə ABŞ təklifini rədd edib. Təklifin məqsədi Rusiyanın bu iki vilayəti “tam ələ keçirdiyini” elan edə bilməsi idi. Mənbənin sözlərinə görə, Ukrayna heyəti Rusiyanın işğal etdiyi ərazilərlə bağlı heç bir güzəşti müzakirə etməyib: “Ukrayna bunu heç vaxt nə de-fakto, nə də de-yure tanımayacaq”.
Bu ideya barədə bir gün əvvəl “The Economist” jurnalı yazmışdı. Jurnalın mənbələrinə görə, plan Moskvaya vilayətlərin tam tutulduğunu bəyan etmək, Kiyevə isə faktiki olaraq ərazi verməmək imkanı yaratmalı idi.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Vladimir Putin danışıqların gedişi barədə məlumatlandırılır və bu mövzu noyabrın 10-da Belarus lideri Aleksandr Lukaşenko ilə Novo-Oqaryovodakı görüşündə də müzakirə olunub. Peskovun sözlərinə görə, Rusiya heyəti ilk gün Avropa ölkələrinin nümayəndələri ilə görüşməyib, nəticə üçün danışıqların bitməsini gözləmək lazımdır.
Ukrayna heyətinin rəhbəri Rustem Umerov “Telegram”da yazıb ki, əvvəlcə ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək, ondan sonra Ukrayna heyəti Avropa tərəfdaşları ilə ayrıca görüşəcək. Rusiya heyətinə Putinin köməkçisi Vladimir Medinski, ABŞ heyətinə isə Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner başçılıq edir.
Fasilə ilə birlikdə təxminən dörd yarım saat çəkən ilk gündən sonra ABŞ dövlət katibi Marko Rubio danışıqları “çox məhsuldar” adlandırsa da, münaqişənin bir gün ərzində həll olunacağını istisna edib. “Politico”nun mənbələrinə görə, ilk gün tərəflər müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini və əsir mübadiləsini müzakirə ediblər, mübadilə üzrə məsləhətləşmələr hələ bitməyib.


