Putinin müttəfiqi Kadırov Rusiyanın başqa bölgələrində yaşayan çeçenləri Ukrayna cəbhəsinə göndərməklə hədələyib
Arxiv foto: Rusiya Prezidentinin mətbuat xidməti, CC BY 4.0, Wikimedia CommonsÇeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın başqa bölgələrində yaşayan çeçenlərdən davranışı hakimiyyətdə narazılıq yaradanların Ukraynadakı müharibəyə göndəriləcəyini deyib. Kadırov bunu noyabrın 10-da Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovla görüşündə bildirib.
Kadırovun sözlərinə görə, “davranışı əsaslı narazılıq doğuran” şəxslərə “xüsusi hərbi əməliyyat zonasında özlərini göstərmək imkanı” veriləcək. Kreml Ukraynaya qarşı apardığı müharibəni rəsmən belə adlandırır.
Çeçenistan rəhbəri “ölkə daxilində sabitliyi pozmağa çalışan bədxah qüvvələr”dən də danışıb, lakin kimləri nəzərdə tutduğunu deməyib. Onun iddiasına görə, bu qüvvələr internet vasitəsilə gəncləri qanunsuz hərəkətlərə təhrik edirlər. Kadırov gənclərlə işin gücləndirilməsini tapşırıb, hansı tədbirlərin görüləcəyini isə açıqlamayıb.
Hüquq müdafiəçiləri və fəallar Çeçenistanda qaçırılan sakinlərin, Kadırovun tənqidçilərinin və onların qohumlarının zorla cəbhəyə göndərildiyini dəfələrlə bildiriblər. 2023-cü ildə sürgündəki İçkeriya hökumətinin başçısı Əhməd Zakayevin qardaşı oğlu, həmin il Kadırovu tənqid edən Yanqulbayev qardaşlarının dörd qohumu da müharibəyə yollanıb.
Müxalif fəalların məlumatına görə, Çeçenistanda təhlükəsizlik qüvvələrinin sakinləri qaçırması davam edir və belə şəxslər arasında həyatını itirənlər də var. Kadırov uzun illərdir Vladimir Putinin Şimali Qafqazdakı ən yaxın müttəfiqlərindən biri sayılır, onun “Axmat” bölmələri Ukraynada Rusiya ordusunun tərkibində döyüşür.


