Britaniyada Rusiya üçün casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb, Kreml əlaqəni rədd edir
Foto: Matt Brown, CC BY 2.0, Wikimedia CommonsBritaniyada ABŞ ordusunun 41 yaşlı hərbçisi xarici kəşfiyyat xidməti üçün işləmək şübhəsi ilə noyabrın 10-da saxlanılıb. London polisinin məlumatına görə, ittihamlar Rusiya ilə bağlı ola bilər.
Polis Qloster şəhəri yaxınlığında iki ünvanda axtarış aparıb. Bildirilir ki, istintaq ABŞ-nin hərbi və hüquq-mühafizə orqanları, o cümlədən Federal Təhqiqatlar Bürosu (FTB) ilə yaxın əməkdaşlıqla aparılıb.
FTB direktoru Keş Patel saxlanılmanı “mühüm” adlandırıb: “Bu, casusluq ittihamlarına aiddir. Məsələ ABŞ və müttəfiqlərimiz üçün ciddi narahatlıq doğurur”.
Kremlin sözçüsü Dmitri Peskov isə noyabrın 11-də jurnalistlərə deyib ki, Moskvanın bu işə aidiyyəti yoxdur: “Bu həbs bizə heç cür aid deyil. Nə ilə bağlı olduğunu bilmirik. Bizim buna heç bir aidiyyətimiz yoxdur”.
Saxlanılma ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələrinin Əbu-Dabidə danışıqlar apardığı günlərə təsadüf edib. Bundan bir gün əvvəl ABŞ İran adından fəaliyyət göstərdiyini iddia etdiyi üç nəfəri Britaniyadakı Fairford hava bazası ilə bağlı ittiham etmişdi.


