Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi səkkiz ildə 9 faiz azalıb
İllüstrativ foto: Bazardüzü dağı, Freieck, CC BY-SA 3.0, Wikimedia Commons“Azərkosmos” peyk məlumatlarına görə, 2017-2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz kiçilib. Bunu Baş nazirin müavini Teymur Musayev Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin iqlim konfransında (COP31) buzlaqların monitorinqinin maliyyələşməsinə həsr olunmuş tədbirdə deyib.
Musayevin sözlərinə görə, Qafqaz dağları Azərbaycanın su ehtiyatları üçün həyati əhəmiyyət daşıyır. O bildirib ki, Qusarçay hövzəsində buzlaqların əriməsi barədə ilk rəsmi məlumatlar 1890-cı ilə aiddir, son müşahidələr isə bu prosesin sürətləndiyini göstərir. Qusarçay hövzəsində son 19 ildə aparılan tədqiqatlar qar örtüyünün payının da azaldığını üzə çıxarıb.
Baş nazirin müavini buzlaqların əriməsinin aşağı axarda yaşayan milyardlarla insanın su təhlükəsizliyini birbaşa təhdid etdiyini, iqlim dəyişikliyi səbəbindən daimi donuşluğun əriməsi, sürüşmələr və dağıdıcı daşqınların artdığını deyib. O, buzlaqların monitorinqi üçün təcili iqlim maliyyələşməsinin lazım olduğunu bildirib.
Teymur Musayev həmin gün Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri də təyin olunub, bu vəzifədə Əli Əhmədovu əvəzləyib.


