Bakıda maşınların girişi pullu olan zonalar yaradıla bilər
İllüstrativ foto: Radosław Botev, CC BY 3.0 pl, Wikimedia Commons“Avtomobil yolları haqqında” qanuna təklif olunan dəyişikliklər Bakının inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılmasına hüquqi əsas verir. Layihəyə görə, bu zonalar və onlara nəqliyyat vasitələrinin girişi üçün haqqın məbləği səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq ediləcək.
“Göstərilən haqq dövlət büdcəsinə köçürülür”, - qanun layihəsində deyilir. Sənəddə ödənişli zonaların sərhədləri, tariflər və qaydanın nə vaxtdan tətbiq olunacağı barədə məlumat yoxdur.
Layihədə sərnişin daşımaları ilə bağlı dəyişiklik də var: məsafəyə görə ödəniş tətbiq edən avtomobil daşıyıcılarına dövlət büdcəsindən subsidiya verilməsi təklif olunur.
Dəyişikliklərin qüvvəyə minməsi üçün Milli Məclisin onları qəbul etməsi və prezidentin imzalaması lazımdır.


