ABŞ İranla müharibə fonunda Yaxın Şərqə üçüncü aviadaşıyıcını gətirir

Arxiv foto: “Theodore Roosevelt” aviadaşıyıcısı. ABŞ Hərbi Dəniz Qüvvələri, Kaylianna Genier, Public domain, Wikimedia Commons
15-11-2026 23:59

ABŞ Hərbi Dəniz Qüvvələrinin atom mühərrikli “Theodore Roosevelt” aviadaşıyıcısı noyabrın 16-da Yaxın Şərqə çatmalıdır. Bununla bölgədə eyni vaxtda üç Amerika aviadaşıyıcısı olacaq.

“The New York Times” qəzeti adını açıqlamayan mənbəyə istinadən yazır ki, gəmi “yaxın bir sutka ərzində” bölgədə artıq olan iki aviadaşıyıcıya qoşulacaq. Aviadaşıyıcı noyabrın əvvəlində Sinqapur limanında dayanmışdı.

Pentagon üçüncü aviadaşıyıcı qrupunu bölgəyə göndərmək qərarını oktyabrın əvvəlində vermişdi. ABŞ rəsmiləri o zaman bu addımı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirməyi götür-qoy etməsi ilə əlaqələndirirdi.

Son günlərdə isə Vaşinqtondan fərqli siqnallar gəlir. Tramp ABŞ-nin İrana qarşı daha sərt addımlardan Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgənin bir neçə ölkəsinin xahişi ilə çəkindiyini deyib. Dövlət katibi Marko Rubio isə bildirib ki, Vaşinqton hazırda hərbi əməliyyata ehtiyac görmür: “Həmin rejimə vurduğumuz iqtisadi zərər o qədər böyükdür ki, hərbi əməliyyata ehtiyac yoxdur, çünki onları xeyli zəiflətmişik”.

Tehran isə ABŞ-ni diplomatiyadan vaxt qazanmaq üçün istifadə etməkdə ittiham edir. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi noyabrın 15-də Vaşinqtonun yeni hücuma zəmin hazırlaya biləcəyini deyib.

ABŞ və İsrailin fevralda İrana hücumu ilə başlayan müharibə Hörmüz boğazından neft daşımalarını kəskin azaldıb. Bölgədə hərbi gərginliyin artması neftin qiymətinə, bu da Azərbaycanın büdcə gəlirlərinə birbaşa təsir edir.

Digər xəbərlər