İran xarici işlər nazirinin müavini: ABŞ-nin cavabları ilə razılaşma əldə olunmayacaq

Arxiv foto: Kazım Qəribabadi. IAEA Imagebank, CC BY 2.0, Wikimedia Commons
16-11-2026 00:12

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi noyabrın 15-də bildirib ki, ABŞ-nin İranın şərtlərinə verdiyi cavabların praktik əhəmiyyəti yoxdur, çünki Vaşinqton bəzi tələblərin yerinə yetirilməsini gələcəyə saxlayır. Onun sözlərini İranın dövlət televiziyası və “İSNA” agentliyi yayıb.

“Amerika cavablarında İranın bəzi şərtlərinin yerinə yetirilməsini sonraya saxlayıb. Belə vəziyyətdə razılaşma əldə olunmayacaq”, - Qəribabadi deyib. Onun sözlərinə görə, Vaşinqton əvvəlcə Tehranın bütün şərtlərinin yerinə yetiriləcəyinə zəmanət verməlidir.

İranlı diplomat ABŞ-nin “diplomatiyadan sui-istifadə edərək” vaxt qazanmaq və yeni hücuma zəmin hazırlamaq istəyə biləcəyini də iddia edib. Qəribabadi həmçinin İranın planında Hörmüz boğazının yenidən açılması üçün nəzərdə tutulan müddətin 7 gündən 2 günə endirildiyini deyib.

İranın irəli sürdüyü şərtlər arasında ABŞ-nin dəniz blokadası daxil olmaqla hücumlarını dayandırması, müharibənin bütün cəbhələrdə bitməsi, dondurulmuş aktivlərin qaytarılması və Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının qəbul edilməsi var. Bir gün əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ İranın 7 şərtini qəbul edərsə, razılaşmaya yol açıq olduğunu demişdi.

Vaşinqtonda isə Dövlət katibi Marko Rubio hazırda İrana qarşı hərbi əməliyyata ehtiyac görmədiklərini bildirib. Eyni vaxtda “The New York Times” ABŞ-nin üçüncü aviadaşıyıcısının noyabrın 16-da Yaxın Şərqə çatacağını yazır.

Fevralda ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə və Hörmüz boğazının bağlanması dünya neft bazarını sarsıdıb. Boğazın açılıb-açılmaması neftin qiymətini, bununla da Azərbaycanın neft gəlirlərini müəyyən edən əsas amillərdəndir.

Digər xəbərlər