ABŞ-də aralıq seçkilər: Demokratlar Nümayəndələr Palatasını geri alıb, Senatda da çoxluğa iki yer qalıb
Foto: Noclip, Public domain, Wikimedia CommonsABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar 2022-ci ildən bəri ilk dəfə Nümayəndələr Palatasında çoxluğu qazanıb. ABŞ mediasının proqnozlarına görə, partiya Senata da yaxınlaşır: orada çoxluq üçün dörd yer lazımdır, ikisi artıq Respublikaçılardan alınıb. Səs hesablanması davam edir.
Senatda ən gözlənilməz nəticə Cənubi Karolinada olub. Həkim Enni Endryus iyulda ölən senator Lindsi Qremin bacısı Darlin Qremi məğlub edib. Tramp Qremin namizədliyini dəstəkləmişdi. Şimali Karolinada isə sabiq qubernator Roy Kuper Respublikaçıların namizədi Maykl Uotlini üstələyib, Corciyada Demokrat Con Ossoff yerini qoruyub.
Respublikaçıların əsas təsəllisi Florida olub: senator Eşli Mudi və qubernatorluğa namizəd Bayron Donalds qalib gəlib. Amma Respublikaçıların bu ştatda öz xeyrinə yenidən çəkdiyi dörd seçki dairəsindən üçünü Demokratlar udub. Tramp Texas, Florida, Missuri və digər ştatlarda seçki sərhədlərinin Respublikaçıların xeyrinə dəyişdirilməsini istəmişdi.
Nəticələr Trampın son iki ilinə birbaşa təsir edəcək. Nümayəndələr Palatasında komitələrə rəhbərlik edən Demokratlar sənəd və şahid tələb edə biləcək. Partiya Trampın ailə biznesini, immiqrasiya siyasətini, Ceffri Epstein işini və səhiyyə naziri Robert Kennedinin peyvənd qərarlarını araşdıracağını bildirib. Senatı da götürsələr, Trampın hakim namizədlərini, o cümlədən Ali Məhkəməyə irəli sürdüklərini rədd edə biləcəklər.
Palatanın yeni spikeri Demokratların lideri Hakim Cefris olacaq. Bu vəzifəyə ilk dəfə qaradərili siyasətçi gələcək. Trampın reytinqi rekord dərəcədə aşağıdır. Seçkidən əvvəlki sorğularda İran müharibəsi, yüksək benzin qiymətləri və güzəran çətinlikləri seçicilərin əsas narazılığı kimi göstərilib.
Yeni Konqres Azərbaycanı da maraqlandırır. Azərbaycana ABŞ dövlət yardımını məhdudlaşdıran 907-ci düzəliş hələ də qanundur, prezident onun tətbiqini hər il dayandırır. Ləğvi üçün Konqresdə qanun layihələri var, amma qəbul edilməyib.


